Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən İntiqam Abuşovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatına görə, istintaq zamanı İntiqam Abuşovun həmin vəzifədə işləyərkən mərkəzin baş mühasibi Lalə Baxışova ilə əlbir olaraq əmək funksiyalarını yerinə yetirməyən işçilərin maaş kartlarını ələ keçirməsinə, habelə bir neçə MMC-nin faktiki rəhbəri olan Hüseynqulu Mənsimov ilə əlbir olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini Mərkəzin hesabından həmin cəmiyyətlərin hesablarına imzaladıqları saxta sənədlər əsasında köçürülmələrinə, bu yolla da külli miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İntiqam Abışovun qeyd olunan şəxslərlə birlikdə müxtəlif qanunsuz üsullarla ona etibar edilmiş əmlakı təkrarən mənimsəməsi, cinayət yolu ilə əldə etdiyi pul vəsaitini leqallaşdırması, külli miqdarda rüşvət alma və digər cinayət əməllərini törətməsi də müəyyən edilib.