Türkiyə Respublikasının Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Şahini - 2021” birgə taktiki təlimlərinin bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bağlanış mərasimində aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz təlimlərdə iştirak edən şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Bildirilib ki, uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətləri böyük təcrübə qazanıblar. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.