BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Hədələnən jurnalist Vilayət Eyvazova müraciət edəcək

Xəbər verdiyimiz kimi, “Olympus Park”ın qanunsuz əməlləri ilə bağlı dərc olunan yazıya görə şirkətin rəhbərinin dayısı oğlu “Yeni Müsavat”ın jurnalisti İlkin Muradovu hədələyib. Belə ki, adı çəkilən şirkətin rəhbəri Rafael Qarayevin qohumu Vüqar Fərəcli əməkdaşımız İlkin Muradova sosial şəbəkədə hədə-qorxu gəlib.

 

Vüqar Fərəcli iddia edir ki, əməkdaşımız araşdırılmamış yazı dərc edib və buna görə də vaxtı ilə mərhum jurnalist Rasim Əliyevə vurulan yumruqlardan İlkin Muradova da vurmaq lazımdır. Şirkətin rəhbəri olan Rafael Qarayevin ətrafında olan xeyli sayda idmançı var ki, onların çoxu da bu şirkətdə çalışır. Onlardan biri də Vüqar Fərəclidir.

 

Jurnalist İlkin Muradov məsələ ilə bağlı artıq “Yeni Müsavat” Media Qrupunun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib.

 

“Bildiyiniz kimi bu məsələni media qurumumuzda ictimailəşdirdik. Bu gün (dünən - red.) isə daxili işlər naziri Vilayət Eyvazova müraciət edəcəyik. Məqsədimiz məsələni şəxsiləşdirmək deyil. Artıq neçənci dəfədir ki, ”Olympus Park" şirkətinin rəhbərliyinin həm vətəndaşlara, həm də jurnalistlərə qarşı kobud davranış nümayiş etdirdiyinin, hədə-qorxu gəldiyinin şahidi oluruq. Əgər əvvəllər şirkət rəhbərliyi hadisə yerində vətəndaşlarla əlbəyaxa davaya çıxırdılarsa, indi də virtual olaraq jurnalistlərə, sakinlərə hədə-qorxu gəlməyə başlayıblar. Hesab edirəm ki, artıq məsələni hüquq müstəvisinə çıxartdıqdan sonra bu, onların edə biləcəyi son addım olacaq.

 

Bundan əvvəl də bir neçə dəfə Bakıda jurnalistlərin və ya vətəndaşların idmançılar tərəfindən hədə-qorxu gəlinməsinin, zor tətbiq edilməsinin şahidi olmuşuq. Bir neçə il öncə həmkarımız Rasim Əliyev də futbolçu Cavid Hüseynovun idmançı qohumları tərəfindən hədələnirdi. Sonra məsələni “həll” etmək üçün jurnalisti görüşə dəvət edərək, onu vəhşicəsinə döyümüşdülər. Nəticədə həmkarımız aldığı zədələrdən bir gün sonra dünyasını dəyişdi. Beləliklə, biz də məsələni ictimailəşdirirək bu cür olaylara son qoyulmasını, hədə-qorxu gələn şəxslərin hüquq mühafizə orqanları tərəfindən vaxtında cəzalandırılmasını istəyirik".

 

Jurnalistə və vətəndaşlara hədə-qorxu gələn şirkət rəhbərinin qohumunu hansı cəza gözləyir?

 

Hüquqşünas Əlövsət Allahverdiyev bununla bağlı qeyd edib: “Əgər jurnalist peşə fəaliyyətini yerinə yetirib, hansısa şirkət haqqında yazı, material hazırlayırsa, onu ölümlə, sağlamlığına zərər yetirməklə hədələmək birbaşa Cinayət Məcəlləsində qanuna zidd əməl kimi göstərilir. Belə ki, Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda - iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Əgər jurnalist peşə fəaliyyətini yerinə yetirərkən, böhtan xarakterli məlumatlar yayırsa bu zaman qarşı tərəf onu məhkəməyə verə bilər və məhkəmə qaydasına sübuta yetirər ki, jurnalist onun barəsində böhtan yayır, qanuna zidd hərəkət edir. Amma qeyd etdiyim kimi, əgər jurnalist hədələnirsə, bu artıq cinayət məsuliyyətidir və jurnalist öz hüququnu müdafiə etmək üçün qarşı tərəf haqqında iddia qaldıra bilər".                                

 

Bəs Vüqar Fərəcli kimdir və niyə şirkət barəsində yazılan həqiqətlərə görə sinəsini qabağa verir? Məlum olub ki, Vüqar Fərəcli şirkətin rəhbəri Rafael Qarayevin dayısı oğludur. Uzun müddət Moskvada çalışan Vüqar Fərəcli Bakıya gəldikdən sonra Rafael Qarayevin rəhbərlik etdiyi “Olympus Park” şirkətinin 28 Maydakı layihəsində rəhbər şəxslərdən biri olub. Vüqar Fərəclinin şirkətdən narazı vətəndaşlarla yaranan mübahisələrdə iştirakını sübut edən görüntülər də var. Musavat.com-da dərc edilən yazıda qeyd edilib ki, son illər paytaxt Bakıda bir neçə böyük yaşayış kompleksinin tikintisini həyata keçirən “Olympus Park”la bağlı məhkəmə çəkişmələri, mübahisəli məsələlər həllini tapmır. Şirkət “28 May” ünvanındakı tikintisi zamanı ağacları kəsib. Buna görə şirkətə cinayət işi açılıb. Bunu sübut edən rəsmi sənədlər var. Nərimanov layihəsində də şirkətə cinayət işi açılıb. Çünki şirkət vətəndaşa məxsus əmlakı onun icazəsi olmadan söküb və bu günə qədər razılıq əldə edilməyib. Bunu sübut edən məhkəmə qərarı var. Narazı vətəndaşların qarşılaşdıqları özbaşınalıqlarla bağlı  yerli mətbuatda kifayət qədər açıqlamaları var.

 

Həmçinin Səbail rayonundakı layihədə də eyni problem yaranıb və şirkətin tikdiyi 3 binadan birinə həbs qoyulub.

 

Xətai rayonunda isə kompleks tikilən zaman “Lider” idman klubu qanunsuz olaraq sökülüb. Şirkət icazəsi olmadığı halda bir ildən artıq müddətdə tikinti işlərinə başlayıb. Bu azmış kimi, tikintiyə icazə olmadığı halda idman klubunu da söküblər. Rəsmi sənədlərdə göstərilir ki, onlara bu ilin iyun ayında tikinti üçün rəsmi icazə verilib. Şirkətə rəsmi icazə verildiyi vaxt artıq binanın 8-ci mərtəbəsi inşa edilibmiş. Hətta Dövlət Şəhərsalma və Arxitektura idarəsi də rəsmi olaraq bildirib ki, tikintinin icazəsi yoxdur və buna görə də dayandırılıb. Məlum olub ki, şirkət tikintiyə 2-3 ay əvvəl icazə alıbmış.

 

Sökülən idman klubunun rəhbəri İlham Sərdarov məsələ ilə bağlı bütün rəsmi qurumlara müraciət edib. Lakin bu günə qədər problemin həll yolu tapılmır. Klub rəhbəri dəymiş ziyanı, kompensasiyanı ala bilmir. Bu azmış kimi şirkət ondan şikayətçi olub. Belə ki, şirkət rəsmiləri həm “Musavat TV”yə, həm də digər yerli mediaya müsahibələrində klubun sökülməsini tikinti qəzası olduğunu deyiblər. Şirkət rəsmiləri İlham Sərdarovla danışıqlar apararaq məsələnin həllinə çalışdıqlarını da söyləmişdilər.

 

Amma sonradan şirkət Xətai Rayon Məhkəməsinə iddia ilə müraciət edib. Rəsmi olaraq “RS Construction” MMC olaraq qeyd edilən şirkət (Olympus Park) iddia ərizəsində göstərir ki, idman klubunu İlham Sərdarov özü söküb. Əlavə olaraq şirkət İlham Sərdarovdan 1 milyon manat da təzminat istəyir. Bu təminatı da belə əsaslandırır ki, İlham Rəhimov mətbuata verdiyi açıqlamalarla şirkətin işgüzar nüfuzuna xələl gətirib. Amma indi şirkət rəhbərliyi yenidən deyir ki, klubu özləri söküblər. Bütün bunları edən şirkət rəhbərliyinin özüdür və qeyd edilənlərin hamısı rəsmi sənədlərlə, video-sübutlarla öz təsdiqini tapır.

 

Xatırladaq ki, bir müddət əvvəl də Fövqəladə Hallar Nazirliyi şirkətin tikinti işlərini dayandırmışdı.

 

Qeyd edək ki, adı çəkilən şirkət İlham Sərdarovun razılığı olmadan onun idman klubunu içərisində əşyaları olmaqla gecə yarısı sökmüşdü. İlham Sərdarov bu cinayət hadisəsi ilə bağlı bir ildən çoxdur rəsmi qurumlara və məhkəməyə müraciət edib.

 

Şirkətin daha bir qalmaqalı Nəsimi rayonundakı layihədə baş verib. Şirkət vətəndaş Mansur Ələkbərova məxsus evi qanunsuz olaraq sökmüşdü. Aylarla davam edən məhkəmə çəkişmələrindən sonra şirkət vətəndaşla razılığa gələrək məsələni həll etmişdi. Bu məsələ ilə bağlı da “Musavat TV” bir neçə videoreportaj yayımlayıb.

Tarix: 18 Sentyabr 2021, 11:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin