Axundov Kamran Şəmistan oğlu Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin iki əməkdaşı - Bəhruz Ağayev və Tural Yolçuyev tərəfindən təzyiqə məruz qaldığını iddia edir.
O bildirir ki, Sumqayıt şəhərindən yaşadığı Xırdalan şəhərinə gələrkən yaşadığı fərdi yaşayış evinə gedən yolun bağlı olduğunu görüb. İçində ailəsinin də olduğu “Mercedes” markalı avrtomobillə geriyə dönüş edib şossedə hərəkətini davam etdirmək istəyib.
Bu zaman Abşeron Dövlət Yol Polisi Şöbəsinə məxsus 99-YP-172 dövlət yol nişanlı “KİA” markalı avtomobil 99-AE-063 dövlət yol nişanlı avtomobilə saxla əmri verir. Vətəndaş Axundovun dediyinə görə o avtomobildən düşdükdə serjant Bəhruz Ağayev və Tural Yolçuyev onun içkili olduğunu iddia edib. Daha sonra tərəflər arasında mübahisə düşüb.
Kamran Axundov iddia edir ki, polis serjantları ona qarşı nalayiq ifadələr işlədərək, əl-qol atıblar, mobil telefondan istifadə etməməyi tapşırıblar.