Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, həkim Musa Quliyev sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Musa müəllim, bu il Nazirlər Kabineti donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını təsdiqlədi. Növbəti ilin yanvarından qüvvəyə minən qərar ümumilikdə 13 klinik mərkəzi əhatə edir. Bu klinikalar işin öhdəsindən gələ biləcəkmi?
- Orqan donorluğu və transplantasiya haqqında qanun təzə qəbul olunub və çox mükəmməldir. Bu qanun layihəsi dünyanın bu sahədə ən müasir praktikası, o cümlədən qanunvericilik təcrübəsi öyrənilməklə hazırlanıb. Hesab edirəm ki, koronovirus pandemiyası bu işlərin praktik olaraq həyata keçirilməsinə müəyyən maneçilik və çətinliklər törətdi. Amma tədricən bu məsələ də öz həllini tapır. Gələn ildən başlayaraq ölkəmizdə orqan transplantasiyası daha geniş şəkildə həyata keçiriləcək.
Burada ən ciddi iş meyitdən orqan götürməkdir. Ölkəmizdə bu iş qurulandan sonra məsələ öz həllini daha geniş şəkildə tapacaq. Arzu edərdik ki, qısa müddətdə orqan köçürülməsi xərclərinin bir hissəsini, gələcəkdə isə tam hissəsini İcbari Tibbi Sığorta öz üzərinə götürsün. Buna bizim kifayət qədər tibbi potensialımız var.
Tibb müəssisələrimizin maddi-texniki bazası buna imkan verir, kadrlarımız da var. İnşallah, maliyyə təminatı da olar. Yəqin ki, qısa müddətdə biz bu işi yüksək səviyyədə qura bilərik.
- Orqan köçürülməsi sahəsində yetərli kadrlar varmı?
- Var. Bizim yetərli və təcrübəli kadrlarımız var. Biz bu işi xüsusən də meyitdən orqan götürmək səviyyəsinə qədər çatdırıb qura bilsək, yaxın ölkələrdən Azərbaycana xəstələr gələ bilər, nəinki bizim xəstələrimiz xaricə gedər.