Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.
DANX-dan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, tədris müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar məhdudlaşdırılması səbəbi ilə məhdud sayda avtobuslarla xidmət göstərilirdi. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq həm Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağını ehtimal verərək, avtobusların sayının artırılması qərara alınıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq. Tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının olacağına ehtimal verərək bu istiqamətdə avtobusların sayında artım daha çox olacaq. Digər istiqamətlərdən paytaxta gələn avtobusların sayı isə axına uyğunlaşdırılacaq.