Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovu qəbul edib.
Pravda.az xəbər verir ki, nazir Çingiz Aydarbekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Xoş gəlmisiniz, sizi görməyimə şadam. Sabah sizin mühüm tədbiriniz başlayır. Əminəm ki, tədbir bizim ötən il keçirdiyimiz Sammit zamanı dövlət başçıları tərəfindən verilən bütün tapşırıqlar ruhunda yaxşı keçəcək. Əlbəttə, təşkilatımız ildən-ilə güclənir və bütün türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsi üzrə çox mühüm məsələləri həll edir. Son zamanlar həm siyasi qarşılıqlı fəaliyyət planında, eyni zamanda, iqtisadi inteqrasiya üzrə və mədəniyyət, təhsil sahələrində çoxlu təşəbbüslər irəli sürülüb. Həm fond yaradılıb, həm də akademiya fəaliyyət göstərir. Beləliklə, biz öz işimizi daha məzmunlu edirik.
Hesab edirəm ki, ötən il ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu olub. Mən beynəlxalq tədbirlər çərçivəsində Prezidentlə bir neçə dəfə görüşmüşəm. Əməkdaşlığın möhkəmlənməsi istiqamətində bu il də mühüm tədbirlər nəzərdə tutulub. Qırğızıstan bizim üçün çox yaxın ölkədir, qardaş ölkədir və biz ikitərəfli qarşılıqlı fəaliyyəti inkişaf etdirmək istəyirik. Beləliklə, düşünürəm ki, bu il siz öz həmkarınızla birgə həyata keçirəcəyiniz tədbirləri müəyyən edəcəksiniz.