Paytaxtın Səbail rayonunda tikilən yeni bina görənləri heyrətə gətirir. Səbəb isə köhnə binanın eyvanının yeni tikilən binanın içərisində olmasıdır. Burada həm təhlükəsizlik qaydaları, həm də tikinti şərtləri kobud şəkildə pozulub və tikili sakinlər üçün potensial təhlükə mənbəyinə çevrilib.
Pravda.az-ın məlumatına görə, söhbət Səbail rayonu, Rastrapoviç küçəsindən gedir.
Buradakı üçmərtəbəli köhnə bina sovet dövründə tikilib. Təxminən 10 il öncə "Axundov Residence" adlı MTK tərəfindən burda 13 mərtəbəli yeni bina inşa edilməyə başlanıb. Əvvəlcə yeraltı qaraj adı ilə tikintiyə başlansa da, sonradan bu, çoxmərtəbəli binaya çevrilib.
Zemfira Məmmədova deyir ki, tikinti aparılan zaman bütün daş, qum, sement onların pəncərələrinə tökülür. Eyvanın qarşısındakı armaturlar isə potensial təhlükədir. Çünki külək zamanı eyvandan asılan paltarlar dəmir armaturlara ilişir. Ən qəribəsi isə binanın 2 balkonunun təzə tikilinin içərisində qalmasıdır.