Sentyabrın 22-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən idmançılar Nəriman Abbasov, Rəsul Çunayev, məşqçi Şəhriyar Abbasov, habelə Vətən müharibəsinin iştirakçısı olmuş və fəal gənclərlə görüş keçirib.
Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Adil Əliyev görüş iştirakçılarını salamlayaraq, onlarla Milli Məclisdə görüşməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi nəticəsində hər il ölkəmizin gənclərinin istər elmi, istərsə də idman olimpiadalarında qazandıqları uğurlar hər kəsi qürurlandırır. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dönəmdə ilk dəfə olaraq gənclər və idman sahəsinə xüsusi diqqət yetirilib. Bu gün də ölkəmizdə idmanın inkişaf perspektivləri diqqət mərkəzində saxlanılır, idmanda kütləvilik təmin edilir.
1991-1993-cü illərdə dövlət idarəetməsində səriştəsiz rəhbərlərin atdığı addımlar nəticəsində bütün sahələrdə ölkəmiz ciddi böhranla üzləşdi, həmin dövrdə hakimiyyətdəkilərin apardıqları ciddi siyasi intriqaların, xəyanətlərin nəticəsində ərazilərimizin 20 faizi işğal edildi. Xalqımızın ən ağır günündə Ulu Öndərin 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə tərəqqi başladı. Heydər Əliyevin gənclər və idman sahəsini daim diqqət mərkəzində saxlaması bu sahənin yenidən dirçəlməsi ilə nəticələndi. Hər zaman özü qədər inandığı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə Prezident təyin edilməsi idman sahəsinin daha dinamik, hərtərəfli inkişafını təmin etdi.
Qeyd olunub ki, bu gün ölkəmizdə sağlam Azərbaycan gəncliyinin formalaşması Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlu nəticəsidir. Məhz bu gəncliyimizin təmsil olunduğu Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından həmişəlik azad edərək, bizə tarixi qələbəni yaşadıb.