"Yaxın zamanlarda manatın məzənnəsində ciddi dəyişiklik olacağını hesab etmirəm. Lakin gələn il büdcə xərclərinin artımı manatın məzənnəsi ilə bağlı müəyyən dəyişikliklərə də səbəb ola bilər, çünki uzun zaman sabit məzənnə rejimi mümkün deyil. Azərbaycanda bu sabitliyin 5 ildir ki, davam etdiyini nəzərə alsaq, bir müddət sonra müəyyən yumşalmalara gedilməsinin labüd olacağını deyə bilərik".
Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Azərbaycan manatının məzənnəsi iqtisadi və bazar qaydalarına görə tənzimlənmir, inzibati qaydada Mərkəzi Bankın və hökumətin siyasəti nəticəsində müəyyən edilir: "Yəni, dünya bazarında baş verən hadisələrin Azərbaycan manatına birbaşa deyil, dolayı təsiri var. Ən çox təsir edən amil isə neftin qiymətidir. Biz bunun 2015-16-ci illərdə şahidi olduq. İndi isə neftin qiyməti Azərbaycan üçün kifayət qədər komfortlu zonada-75 dollar civarındadır. Ona görə də manatın məzənnəsinə ciddi bir təhdid olduğunu demək mümkün deyil. Amma inzibati qaydada tənzimləndiyini nəzərə alsaq, istənilən an məzənnə dəyişikliyinin baş verə biləcəyi ehtimalı var. Bunun hansısa bir iqtisadi kateqoriya, misal üçün FED-in toplantısı və ya qərarları ilə birbaşa bağlılığı yoxdur".
Nəzrin Cavid