Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Xəbərə görə, bu gün gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması, qısamüddətli sel və daşqın müşahidə olunub, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yaranmış vəziyyətlə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin bir ədəd helikopteri xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin görülməsinə cəlb olunub.