Vətən müharibəsi qazi Səid İskəndərov “Xocavəndin azad olunmasına görə” aldığı medalı satışa çıxarıb.
O, diqqətdən kənarda qaldığı üçün belə bir addım atdığını bildirib. Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada medalını ehtiyac üzündən satmaq istədiyini elan edən Vətən müharibəsi iştirakçısı İskəndərov Səid İman oğlu ilə əlaqə saxlanılıb:
“O, 27.07.2021-ci il tarixdə Hərbi hospitalda müayinədən keçdiyini, müayinə sənədləri olduğunu, lakin əlilliyinin qiymətləndirilməsi üçün hərbi həkim komissiyası tərəfindən hələ şəhadətnamə təqdim olunmadığını və tibb müəssisəsi tərəfindən göndəriş (F-88) daxil edilmədiyini bildirib.
Məlumat üçün bildirik ki, hərbi həkim komissiyasının həmin şəhadətnaməsi şəxsin xəsarət və ya xəstəliklərinin hərbi səbəblə əlaqəsini təsdiq edir.
S.İskəndərov barəsində qeyd olunan şəhadətnamə təqdim olunduqda və e-sistemə göndəriş daxil edildikdə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinə cəlb edilərək əlilliyi qiymətləndiriləcək”.