Bir neçə ay öncə 36 yaşlı Gülər Salamovanın bədəninə narkotik yeridərək öldürən atası Hacıağa Salamov (1998-ci ildə də adam öldürdüyü üçün həbsdə yatıb) məhkəmədə cinayət haqda danışıb.
Pravda.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində ailənin birgə yaşadığı evdə baş verib. Belə ki, əvvəllər qəsdən adam öldürmə və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuş 61 yaşlı H.Salamov qızının bədəninə heroin yeridib və daha sonra onu boğaraq öldürüb.
Məhkəmədə dindirilən H. Salamov ifadəsində bildirib ki, Gülər 2007-ci ildə qohumu Eldənizlə ailə həyatı qurub, həmin nikahdan 3 övladı olub: "Qızım ailə qurduqdan sonra əri ilə Rusiyaya gedib 6-7 il orada yaşadılar, 2015-2016-cı illərdə Azərbaycana qayıtdılar. 2018-ci ildə Gülərin əri Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızım ilə əri arasında problemlər yaşanmağa başladı. Hadisədən 1 il əvvəl qızım Maştağada yerləşən kursda rus dili müəllimi kimi işləməyə başladı. Bundan sonra, qızımın hərəkətlərində dəyişikliklər hiss etməyə başladım”.
H.Salamovun sözlərinə görə, son aylarda qızı uşaqlarına qayğı göstərməyib: “Evin işləri ilə də məşğul olmurdu. 2020-ci ilin noyabr ayında qızımın bir nəfərlə münasibət qurduğunu, aralarında sevgi münasibətləri olduğunu öyrəndim. Ona belə hərəkətlər etməməsini, evli olduğunu, 3 övladı olduğunu, onlara qayğı göstərməli olduğunu, qəsəbədə, kənddə yaşayan ailəmizi tanıyan şəxslərin qızım haqqında xoşagəlməz ifadələr işlətdiyini dəfələrlə dedim. Lakin qızım mənim sözlərimə qulaq asmayaraq öz həyatı olduğunu, istədiyi kimi yaşayacağını, hansı hərəkəti istəyirsə, edəcəyini dedi”.
H.Salamov qızına nəzarət etmək məqsədilə həyat yoldaşı və oğlu ilə birgə onun evinə köçdüyünü deyib: "Qızım kişilərlə danışmasın deyə telefonunu əlindən aldım. Ona telefon işlətməyi qadağan etdim. Sonra onu işdən çıxartdım. Bütün bu etdiklərimə baxmayaraq, 2021-ci ildə Gülər evdən qaçdı. Polisə məlumat verdim, qızı bir günə tapdılar. Ondan niyə evdən qaçdığını soruşdum, o da mənə qadağalardan bezdiyini dedi. Bundan sonra təxminən 19-20 martda qızım yenidən evdən qaçdı. Bir neçə gün evə gəlmədi. Bu dəfə polisə bu haqda məlumat vermədim. Martın 22-də yoldaşım zəng edərək Gülərin evə gələrək paltarlarını götürüb birdəfəlik çıxıb getmək istədiyini dedi. Təxminən saat 16-17 radələrində evə gəldim. Qızımla söhbət edərək nə səbəbə bu cür davrandığını soruşdum. Gülər cavabında mənə necə istəyirsə, elə də yaşacağını, heç kəsin ona qarışa bilməyəcəyini dedi”.
Ata bundan sonra qızını öldürmək qərarına gəlib: “Gülərin bədəninə narkotik yeritsəm, daha tez öləcəyini düşündüm. Həyətdəki tövlədən təxminən 1 qram çəkidə narkotiki çıxarıb alışqanla isidərək maye halına saldım. Mayeni şprisin içinə çəkib hazır vəziyyətə gətirdim. Sonra evə gəlib yoldaşıma qızımla ata-bala söhbət etmək istədiyimi, bizi tək qoymasını, Şüvəlanda yerləşən evimizə getməsini dedim. O gedəndən sonra Gülərlə evdə tək qaldıq. Mən qapını arxadan bağladım. Qonaq otağına keçib düzəltdiyim şprisi masanın üzərində olan süfrənin altına qoydum. Sonra isə qızımı qonaq otağına çağırdım. Qızım qonaq otağına gələndə ona sonuncu dəfə xəbərdarlıq edərək əxlaqsız davranışlardan çəkinməsini dedim. Lakin Gülər yenidən mənə nalayiq cavab verdi. Həmin vaxt mən qızın boğazından tutub qolunu burub süfrənin altında olan şprisi götürərək Gülərin sol qoluna vurdum. Gülər müqavimət göstərdiyi üçün şiprisi yarıya çatdıra bilmədim. Narkotik onun bədəninə yeridiyi üçün o, halsız vəziyyətə düşdü, sonra onu boğaraq öldürdüm”.