Naxçıvanın hazırda həbsdə olan daxili işlər naziri Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.
Pravda.az-ın məlumatına görə, Ə.Əhmədov həmin illərdə nazirliyin işçilərinə maddi yardım verilməsi məqsədilə ayrılmış puldan 265 883 manat vəsaiti əməkdaşlara verməyərək özü mənimsəyib. Xüsusi xərclər üçün ayrılmış 211 330 manatın cəmi 18 120 manatını xərcləyib, qalan vəsaiti isə mənimsəyib.
İşçilərin həvəsləndirilməsi üçün ayrılmış 1 milyon 535 min 483 manatdan əməkdaşlara 50-150 manat arası ödəniş edib, bəzi qurumların işçilərinə ümumiyyətlə mükafat verməyib. 1 milyon manat külli miqdarda vəsaiti mənimsəyib.
Xaricə ezam olunduğu sənədlərdə göstərilmiş əməkdaşlar xaricə ezamiyyətə getməyib, bunun üçün ayrılmış 186 970 manatı Əhməd Əhmədov özünə götürüb. Dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə ayrılmış 65 000 manat vəsait “TEMA” şirkətinə köçürülüb. Şirkətindən hər ay 380 manat olmaqla, cəmi 11 400 manat dəyərində dəftərxana və təsərrüfat malları alınıb, qalan 53 600 manat vəsaiti mənimsənilib.
Əməkdaşlar üçün dərman preparatlarının alınmasına ayrılan 29 000 manata heyvan dərmanları alınıb və Əhməd Əhmədova məxsus fermaya göndərilib.