BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalı: “Seçici həmişə haqlıdır, problemi varsa, həll etməliyik” - VİDEO - FOTO

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar təşviqat dövrü başa çatır.

 

Pravda.az-ın xəbərinə görə, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı təşviqat dövründə Salyanın bir sıra kəndlərində fərdi və kollektiv görüşlər keçirib. O, təşviqat kampaniyasını şəhid Rəşid Mehdiyevin ata ocağından başlayıb. Elə orada çıxışı zamanı deyib ki, şəhid ailələrinin, Qarabağ qazilərinin problemləri mənim problemimdir: “Onlar vətən yolunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarında keçiblər, sağlamlıqlarını itiriblər. Həmin insanların ailələrinə nə qədər qayğı göstərilsə, azdır. Onlar daim diqqətimizdə olmalıdır. Bu istiqamətdə əlimdən nə gəlirsə, edirəm. Elə ona görə də təşviqat kampaniyasını şəhid ailəsinin evindən başladım”.

 

Hər kəs rayonlarda seçicilərlə görüşün nə qədər çətin olduğunu bilir. Çünki bölgələrdə işsizlik və s. kimi problemlər qalmaqdadır. Buna baxmayaraq, F.Ağamalı görüşə xüsusi mühafizə və ya polislə getməyib. Və yaxud da onun seçicilərlə görüşləri zamanı media nümayəndələri çöldə gözləməyib, giriş-çıxış sərbəst olub, kim istəyirsə, içəri daxil ola, çıxış edə, sual verə bilərdi. Görüş bitəndə də, təcili şəkildə avtomobilinə əyləşib, ərazidən uzaqlaşmayıb. Əksinə, sonuncu seçici zalı tərk edənə qədər orada olub, söhbət aparıb. Bu, çox önəmli məqamdır.

 

Təbii ki, hər hansı narazılığın olması normal haldır. Bir nəfərdən hər kəs razı qala bilməz ki... Amma Fəzail Ağamalı etiraz edən seçicini də sona qədər dinləyib, probleminin həll ediləcəyinə söz verib, müəyyən nöqsanların olduğunu etiraf edib. Növbəti dəfə zala müraciət edərək “Kimin hansı məsələdən narazılığı var?” sualını ünvanlayıb. Daha seçiciyə “Yalan deyirsən, çox iş görmüşük” deyərək hücuma keçməyib. Müşahidələr onu göstərir ki, F.Ağamalı “Seçici həmişə haqlıdır, problemi varsa, həll etməliyik” prinsipini əsas götürüb. Çıxışlarında dəfələrlə qeyd edib ki, müəyyən çatışmazlıqlar ola bilər, biz onu həll etməliyik. Şəhid ailələrinə, Qarabağ qazilərinə tövsiyə edib ki, mənzil növbəsinə yazılsınlar, sənədləşmə işində dəstək verməyə hazırdır: “Şəxsi telefonlarım, köməkçilərimin telefonları seçicilərdə var. Kimi hansı problem narahat edirsə, dərhal əlaqə saxlasın, müvafiq dövlət strukturları qarşısında məsələ qaldıraq”. Seçicilər də xüsusi qeyd ediblər ki, Fəzail Ağamalı ilə əlaqə saxlamaq kimi problemləri yoxdur. Onlar F.Ağamalının əvvəlki illərdə seçicilər üçün xeyli iş gördüyünü vurğulayıblar. Bura yolların, su, təbii qaz, elektrik xəttlərinin çəkilməsi və s. məsələlər daxildir. Yəni, bir deputat nə etməyi bacararsa, onu edib.

 

Deputatlığa namizədin sonuncu görüşlərindən biri rayonun Qaraçala kəndində baş tutub. O qeyd edib ki, əvvəlki illərdə daim seçicilərin problemləri ilə maraqlanıb: "Həmişə seçicilərlə birlikdə olmuşam, onları narahat edən məsələlərin həllinə çalışmışam. Milli Məclisdəki çıxışlarımı izləyənlər bunu bilirlər. Bu, mənim işimdir, vəzifə borcumdur. Kimlər üçünsə Milli Məclis prestijdir, ütülü köynək geyinib qalstuk taxıb özünü göstərmək yeridir. Amma mənim üçün belə deyil. Deputat olmaq, xalqın problemləri ilə maraqlanmaq mənim üçün şərəfdir. Bəziləri vədlər verməklə seçicini aldatmağa çalışırlar, iddia edirlər ki, problemləri həll edəcəklər. Bu, düzgün deyil, məsələləri dövlət həll edir. Deputat isə bu problemləri hökumətə çatdırandır”.

 

F.Ağamalı növbəti dəfə deputat seçiləcəyi təqdirdə sosial problemləri qaldıracağına söz verib: "Uşaq pulunun verilməsinin vacib olduğunu düşünürəm. Ölkədə 18 yaşına çatana qədər hər kəsə 180-190 manat aylıq müavinət verilməlidir. Məşğulluq məsələləri də xüsusi diqqətdə saxlanılmalıdır. Bu problemləri, sizi narahat edən məsələləri daim qaldıracağıma söz verirəm. Deputat seçilməsəm də, yenə xalqa xidmət edəcəyəm. Bu dövləti inkişaf etdirmək hər birimizin borcudur. Hamınızı seçkilərdə iştirak etməyə çağırıram".

 

Deputatlığa namizəd xeyli seçicinin evinə gedib, onların narahat edən məsələlərlə bir daha maraqlanıb. Bəli, deputatlığa namizəd səs almaq istəyirsə, seçicinin qəbuluna getməlidir, yanında olmalıdır! Sözün həqiqi mənasında seçiciyə vəkillik etməlidir.

 

O, rəqiblərinə qarşı da normal münasibət sərgiləyir: “Azərbaycanın 18 yaşına çatan hər bir vətəndaşı seçkilərdə iştirak edə bilər. Gənclərin seçkilərə qatılması bizi çox sevindirir. Hər seçki bir mərhələdir, təcrübədir. Azərbaycanın gələcəyi gənclərin əlindədir. Biz onlara dəstək olmalıyıq, təcrübəmizi bölüşməliyik”.

 

 

 

 

 

 

İlkin Pirəli

Fotoları təqdim edirik
Tarix: 6 Fevral 2020, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin