Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov vəzifədə olduğu müddətdə polis əməkdaşlarını evində xadimə, fermasında çoban, vətəgələrində balıqçı, yonca sahəsində otbiçən kimi işlədibmiş.
Pravda.az-ın məlumatına görə, Ə.Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz yaxın qohumlarının işə gəlməməsinə göz yumub, nəticədə, onlara dövlət büdcəsi hesabına əsassız olaraq əmək haqqı ödənilib.
Bir sıra polis əməkdaşlarını özünə məxsus ferma, balıqçılıq təsərrüfatı və şəxsi evində xadimə kimi işlədib.
Həmin polis əməkdaşlarına öz cibindən pul vermək əvəzinə, polis kimi işə çıxmadıqları halda dövlət büdcəsindən onlara əməkhaqqı verib. Bununla da dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.
Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb - Detallar
Nazir Əhməd Əhmədov qardaşını 2000-2002-ci ildə Naxçıvan Şəhər Polis İdarəsində, 2003-2011-ci ildə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsində, 2011-ci ilin noyabr ayından isə Şahbuz Rayon Polis Şöbəsində polis sahə inspektoru vəzifəsinə təyin etsə də, o, işə çıxmayıb.
Onun qardaşı 2015-2017-ci ilin iyul ayınadək olan dövrdə 17 dəfə müxtəlif müddətlərdə ayrı-ayrı xarici ölkələrdə olub, işə çıxmadığı halda ona dövlət büdcəsindən 85 425 manat əməkhaqqı ödənilib.
Digər qardaşını isə 2012-ci ildən Polis Şöbələrindən birinə, 2013-cü ildən isə Ordubad RPŞ Biləv Polis Bölməsində vəzifəyə təyin edib. Həmin qardaşı da işə çıxmasa da, 2012-2017-ci illərdə ona 44 744 manat əməkhaqqı ödənilib.