Arvadını güllələyərək öldürən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə bir sıra yeni məqamlar məlum olub.
Pravda.az-ın məlumatına görə, 10 il həbs cəzası alan F.Əhmədov özünü qəsdən adam öldürməkdə yox, ehtiyatsızlıqdan öldürməkdə təqsirli bilib.
O, istintaqa ifadəsində bildirib ki, eyni kollektivdə işlədiyi Pərvanə Əhmədova ilə 2006-cı ildə öz istəyi ilə ailə qurub: “Spirtli içki içməyimlə əlaqədar yoldaşımın arabir narazılığı olub. Hadisə günü 100-150 qram araq içmişdim, axşamüstü saat 7-də qonşum Əliəşrəflə onların bağında yeyib-içdik. Oraya gedərkən apardığım 0,7 litrlik arağı birlikdə içdik, daha sonra evə qayıtdım. Təxminən 23:30 radələrində Pərvanə ikinci mərtəbədən aşağı düşüb divanda əyləşdi. Söhbət edərkən spirtli içki qəbul etdiyimə görə narazılığını bildirdi. “Özüm bilərəm nə vaxt tərgidəcəyəm” deyə cavab verdim. Bundan sonra zarafat məqsədilə onun qulağını astaca dartdım. Sonra yuxarıda yataq otağından tüfəngi götürüb arvadımla zarafatlaşmaq qərarına gəldim. 2013-cü ildən məndə olan “Baykal MP-27” markalı ov tüfəngini saxlamaqda məqsədim bağa köçdükdən sonra oğurluq hadisəsi olarsa, ailəmi müdafiə etmək idi. Həmin silahdan sonuncu dəfə Novruz bayramından sonra atəş açmışam. Bağda silah dolu qalsa da, həmişə qoruyucuda olub. Silahın qoruyucuda olmasından əmin olduğumdan qoruyucunu yoxlamamışdım.
Pərvanənin yanına gəlib ona “qulağını dartım, yoxsa atım?” soruşdum. O isə “ata bilməzsən!” deyə cavab verdi. Silahı ona tərəf tuşladım, bu zaman həyat yoldaşım əlini silahın lüləsinə tərəf apardı, lüləsindən tutub əli ilə itələdi. Mənim əlim tətikdə olduğundan özümdən asılı olmadan silahdan atəş açdım. Silahın atəşindən şoka düşdüm. Yoldaşımın huşsuz vəziyyətə düşdüyünü, sinəsindən qan gəldiyini görüb onun öldüyünü anladım.
Tüfəngi götürüb özümü öldürmək üçün həyətə çıxdım, həyətdə olarkən uşaqların ağlamasını eşidib özümü öldürə bilmədim və eyvandan havaya atəş açdım. Sonra DİN-nin 102 Qaynar xəttinə zəng edib hadisə barədə məlumat verdim”.