“Heç kim qorxmasın, qorxmayın...”, burada nöqtələr senzuranı əvəz edir, çünki istər qanunvericilikdə, istərsə mental yanaşmada nəlayiq ifadələr qəbuledilməzdir. Lakin deputatlığa namizəd Kamil Musavi ictimai yerdə nəlayiq ifadə işlətməklə ictimai tərbiyədən nə qədər yoxsul olduğunu nümayiş etdirdi. İctimai tərbiyə fərdi keyfiyyətlərdə xüsusi paya sahibdir, qanunverici orqanda xalqı təmsil etməyə iddia edən birisi üçün isə bu, əsas göstərici hesab oluna bilər. İndi siz deyin, Kamil Musavi milləti təmsil edə bilərmi?!
Məsələnin mahiyyətini anlamaq üçün hadisəyə nəzərə yetirmək zərurəti var. Fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musavi digər namizəd Fəzail Ağamalıya qarşı başının dəstəsi ilə hücum təşkil etdi. Videokadrlar göstərir ki, Fəzail Ağamalını dövriyyəyə almış öyrədilmiş insanlar Kamil Musavinin göstərişi ilə namizədə qarşı təxribat törətməyə çalışırlar. Məqsəd aydındır, Fəzail Ağamalını hadisə yerindən getməyə məcbur etmək, baş verənləri lentə almaq və “seçicilər Fəzail Ağamalını istəmir” görüntüsü yaratmaq. Bütün bunlara baxmayaraq, Fəzail Ağamalı təmkinli davranışı ilə qarşıdurmanın qarşısını almağı bacardı, lakin namizədə qarşı hücumun təşkili, avtomobilinin vurulması və sonra baş verənlər onu göstərdi ki, Kamil Musavi demokratik seçki mühitindən sui-istifadə edir.
Ardınca başının qoçu dəstəsi ilə yolda hərəkət edən Kamil Musavi dayanır və çıxışa başlayır: “Hər kəsə başa düşdüyü dildə cavab veriləcək, qorxmayın, sizin arxanızda mən dayanmışam, heç kim qorxmasın, qorxmayın...” və söyüş. Etik qaydalara görə çıxışın tam mətnini vermək mümkün deyil. Lakin baş verən hadisə bir neçə mühüm məqamı ortaya çıxardı.
Kamil Musavi qanunverici orqanda təmsil olunmağa layiqdirmi?

Bu namizədin seçicilər önündə söyüş söyməsi onun xalqın səsi olmağa layiq olmadığını göstərir. Təsəvvür edin ki, Musavi qanunverici orqanın kürsüsündə əyləşib və hansısa həmkarı ilə sözü çəpləşir. Kimsə zəmanət verə bilərmi ki, məlum hadisədə işlətdiyi nəlayiq ifadələri parlament kürsüsündən səsləndirməyəcək? Azərbaycan parlamenti 90-cı illərdə eyni təcrübəni yaşadı. Mandatına adekvat olmayan adamlar qanunverici orqanın kürsüsündən ağızlarına gələni danışırdı, nəticə ölkənin milli maraqları üçün acınacaqlı oldu. Bu baxımdan, belə şəxslərin parlamentə düşməsi təhlükəli gələcək vəd edir.
Fəzail Ağamalıya hücum edənlər kimlər idi?

Videokadrlardan da gördündüyü kimi, hücum edənlər Kamil Musavinin qoçu dəstəsi olan və Salyan seçicilərini təmsil etmək qabiliyyətində olmayanlardır. Məlumatlara görə, hadisə zamanı Musavinin ətrafında olanların əksəriyyəti başqa bölgələrdən gətirilənlər olub. Onların davranışı məhz “qoçular” olduqlarını deməyə əsas verir.
Kamil Musavini himayə edənlər Salyanda iğtişaşlar planlaşdırır?
Kamil Musavinin “biz imkan verməyəcəyik, mən arxanızdayam” kimi sözləri və baş verənlər İsmayıllı hadisələrini yada salır. İsmayıllıda da hadisələr təxminən belə başlamışdı, əvvəlcə kiçik narazılıq oldu, ardınca bir qrup şəxs iğtişaşlara cəhd etdi. Musavinin “təhdidi” Salyanda da İsmayıllı hadisələrinin baş verə biləcəyi ehtimalını ortaya çıxarır. Çünki hadisəni törədən bu dəstə indidən xəbərdarlıq edir ki, “biz imkan verməyəcəyik”. Bu o deməkdir ki, seçkilərdə Musavi seçilməsə onlar iğtişaşlara başlayacaqlar? Hazırki situasiya belə iğtişaşların planlaşdırıldığını istisna etmir. Bu baxımdan, hüquq-mühafizə orqanlarının hadisəni ciddi nəzarətə götürməsi zərurəti var. Unutmamalıyıq ki, belə iğtişaşlar xaricdəki anti-Azərbaycan dairələrinin əlinə yaxşı fürsət verə bilər.


