Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetində təhsil alacaq.
ATU-nin mətbuat xidmətindən verilən məlumata görə, bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli gənc tələbəni və anası Ofelya Salmanovanı qəbul edib.
Tibb Universitetinin böyük ailəsinə qatılması münasibətilə A.Həşimovanı təbrik edən rektor, ildönümünü yaşadığımız Vətən müharibəsinə toxunub. Bildirib ki, Polad Həşimov da daxil olmaqla bütün şəhidlərimizin, ordumuzun sayəsində biz artıq rayonlarımızın işğal günlərini deyil, azadolunma tarixlərini böyük qürurla qeyd edirik: “Bu tarixi qələbə Azərbaycan xalqına tamam başqa bir ruh, başucalığı gətirdi. Ali Baş Komandanın müdrikliyi, əsgərdən generala kimi bütün hərbçilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının yumruq kimi birləşməsi nəticəsində biz çox gözlədiyimiz qələbəni əldə etdik və 30 il davam edən ədalətsizliyi aradan qaldırdıq”.
Hər bir insan üçün valideyn itkisinin çox ağır olduğunu söyləyən Gəray Gəraybəyli əlavə edib ki, əgər Polad Həşimov şəhid olana kimi Aybəniz tək onun qızı idisə, ondan sonra artıq bütün Azərtbaycanın övladıdır.