“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) bu gündən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysləri Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməklə yerinə yetirməyə başladığını elan edib və bu artıq Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı sayıla bilər”.
Pravda.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev APA TV-yə müsahibəsində belə deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra əldə olunmuş razılığın əsas müddəalarından biri də kommunikasiyaların açılmasıdır: “Ermənistan öz hava məkanını Azərbaycan üçün verirsə və AZAL artıq uçuşların başlaması ilə bağlı qərarını açıqlayıbsa bu aparılan danışıqların getməsi ilə bağlı bir işartıdır. Son günlər Prezident İlham Əliyev də öz çıxışlarında qeyd edib ki, qalib və diktə edən tərəf kimi ermənilərlə danışığa getməyə, eyni zamanda sülh sazişinin imzalanmasına da hazırıq. Əsas məqam ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, delimitasiya, demarkasiya getməli, kommunikasiyaların açılmasına razılığını verməlidir”.
Arzu Nağıyev qeyd edib ki, bu addım həm də Ermənistanın özünə bir mənalı şəkildə lazımdır. Çünki ermənilər Rusiya və Gürcüstan tərəfdən yükdaşıma proseslərində ciddi problemlərlə üzləşir.
İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin tədricən qurulması çox mühüm addımdır. 10 noyabr bəyannaməsində də kommunikasiyaların açılması ən önəmli məqamlardan biri kimi qeyd olunub: “Ermənistan üzərindən Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında hava nəqliyyatının reallaşdırılmasını biz məhz kommunikasiyaların açılması istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. Eyni zamanda Azərbaycan iqtisadiyyatının inkişafının dayanıqlılığı nöqteyi-nəzərindən də olduqca mühümdür. Çünki, uzun illər ərzində Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə iqtisadi münasibətlərinin reallaşdırılmasında böyük problemlər vardı və düşünürəm ki, Ermənistan üzərindən bu əlaqələrin formalaşdırılması Azərbaycan iqtisadiyyatının tarazlı inkişafına öz təsirini göstərəcək”.