Şuşaya səfər edən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun avtomobili əlindən alınıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə A.Şakiroğlu özü məlumat verib.

“DYP əməkdaşlarının qanunsuz hərəkətləri bitmək bilmir ki, bilmir! Hələ etdikləri qanunsuzluqla yanaşı etdikləri tərbiyəsizliyi demirəm…
Bu gün saat 07:00-da Lökbatandan Su İdman Sarayına doğru hərəkət edən zaman bu yolda mətbuatda tirajlanmamış, öncədən elan edilməmiş “reyd” təşkil edildiyini gördük. Təbii ki, bizi də heç bir səbəb olmadan saxladılar. Sürücümdən sənəd tələb edən DYP əməkdaşı sənədlərin qaydasında olduğunu gördükdən sonra yeni bir “əmma” axtarışına çıxdı. Avtomobildə əyləşmiş köməkçimin “kəmər taxmamasını” səbəb göstərərək avtomobilin cərimə meydançasına getməli olduğunu bildirdi…
Müdaxilə edərək özümü təqdim etdim, daha sonra isə DYP əməkdaşına izah etməyə çalışdım ki, avtomobilin ön hissəsində əyləşmiş sərnişinin “kəmərdən istifadə etməməsi”nə görə avtomobil cərimə meydançasına aparıla bilməz! Eyni zamanda tələsdiyimizi diqqətinə çatdırdım. Buna məhəl qoymayan, qanunun şah deyil, şahın qanun olduğunu düşünən və özünü “şah hesab edən” bu polis əməkdaşı qanunsuz tələblərini davam etdirməyə başladı. Avtomobilin cərimə meydançasına gedəcəyinə göstəriş verdi. Təbii ki, biz mübahisə etmədik. Köməkçimlə avtomobilimi tərk edərək taksi xidmətindən istifadə etdim. Sürücüyə tapşırdım ki, heç bir mübahisə etmədən hansı cərimə meydançasına deyirlər, gedib maşını yerləşdirsin, daha sonra bu qanunsuzluqla bağlı tədbir görərik… Kefimi heç pozmaq istəmədim. Çünki müqəddəs Şuşa şəhərinə yollanırdım… Taksi ilə mənzil başına çatan ərəfədə sürücüm zəng edərək məlumat verdi ki, özünü “şah” hesab edən DYP əməkdaşı səhvini anlayıb və avtomobili “güzəşt edərək” buraxıb…
Bütün bunları qələmə almaqda əsas bir məqsədim var: Ölkənin dövlət qeydiyyatında olan siyasi partiyalarından birinin rəhbəri olaraq mənim hüquqlarım naşı bir DYP əməkdaşı tərəfindən bu formada pozulursa, görün sadə, öz hüququnu bilməyən vətəndaşlarımız nə zülm yaşayır…