BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağasif İbrahimov seçkiqabağı son izdihamlı görüşünü keçirdi - FOTOLAR

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif İbrahimov (Şakiroğlu) Əcəmi Naxçıvani küçəsi 6 ünvanında seçicilərlə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, A.İbrahimov çıxışı zamanı yaradılan əngəllərdən danışıb.

 

O bildirib ki, görüş üçün məkan "Vətən" futbol məktəbinin meydançası nəzərdə tutulsa da, rayon rəhbərliyi buna imkan verməyib: "Ona görə də görüşümüzü Əcəmi Naxçıvani küçəsi 6 ünvanında keçirməli olduq. Bu, namizədə qarşı süni əngəldir, seçki prosesinə kölgə salmaq cəhdidir".

 

A.İbrahimov qeyd edib ki, bu seçkilərdə vətəndaş fəallığı yüksək səviyyədədir: "Vətəndaşların öz haqlarını tələb etməsi sevindirici haldır. Vətəndaş fəallığının yüksək olmasını dairə seçki komissiyalarının sədrləri, rayon icra başçıları yaxşı bilirlər. Əmin olsunlar ki, seçkiləri saxtalaşdırmaq mümkün olmayacaq. Saxtakarlıq olacaqsa, qarşılarında xalqı, bizi görəcəklər. Biz cəmiyyət olaraq buna imkan verməməliyik.

 

Binəqədi rayon icra hakimiyyəti komendantlara xüsusi tapşırıq verib ki, 8 saylı Binəqədi seçki dairəsində qeydiyyatda olmayan vətəndaşlara şərait yaradılsın, onlar seçkiyə getsinlər və başqalarının əvəzinə səs versinlər. Seçicilər səslərinə sahib çıxmalı, seçki məntəqələrinə axışaraq səsvermədə iştirak etməlidirlər. İmkan verilməməlidir ki, dəstəklənməyən namizəd deputat olsun. Seçicilərə güvənirəm, inanıram ki, səsvermədə iştirak edərək neqativ halların qarşısını alacaqlar".

 

Namizəd V çağırış Milli Məclisin deputatlarını da sərt tənqid edib: "Ayağını yorğanına görə uzatsın", "Vətəndaş getsin soğan əksin" deyənlər, "uşaqpulu"nun verilməsinin qarşısını alanlar, pensiya yaşını qaldıranlar Milli Məclisdə təmsil olunmamalıdır. Onların yerində daha vətənpərvər, xalqını sevən insanlar olmalıdır".

 

A.İbrahimov qələbə çalacağına inandığını qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 7 Fevral 2020, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin