Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev mühəndis-istehkam qoşunlarının hərbi hissələrində olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrin döyüş hazırlığını yoxlayan Baş Qərargah rəisinə məruzə olunub ki, şəxsi heyət mühəndis qoşunlarında silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə bacarıqlarını təkmilləşdirir.
General-mayor Anar Kərimov mühəndis bölmələrinin fəaliyyəti ilə bağlı brifinq təqdim edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yeni yaradılan mühəndis taborlarının komplektləşdirilməsi işləri sürətlə davam etdirilir. Qardaş Türkiyədən gələn mütəxəssislər tərəfindən onların hazırlığı yüksək şəkildə həyata keçirilir.