Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
Mundialın son 4 günündə klassik güləş üzrə mübarizə baş tutub.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında uğurlu çıxış edib. Belə ki, yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.