Cari ilin ikinci rübündən qlobal enerji bazarlarında kəskin dalğalanmalar müşahidə edilir. Hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 83,66 dollar olub ki, bu da cümə gününə nisbətən 1,27 dollar çoxdur (üç ilin ən yüksək həddi). ABŞ-ın West Texas İntermediate (WTI) neftinin bir barelinin qiyməti isə 1,53 dollar artaraq 80,88 dollara çatıb və 7 illik rekordu keçib.
Enerji sektorundakı tədarüklə bağlı gərgin vəziyyət təkcə neft bazarında deyil. Çünki son aylarda qazın və kömürün qiyməti də kəskin artıb. Son 1 ay ərzində Niderlandın TTF habında qazın 1 000 kubmetrinin qiyməti 168 faiz, oktyabrda isə 40 faiz artaraq 1 970 dollara yüksəlib. Təbii qaz qiymətlərinin kəskin artımı Avropada elektrik qiymətlərinin də təsir edib. Almaniyada elektrik enerjisinin qiyməti bir meqavat/saat üzrə 302,5 avro, İspaniyada isə 288 avro səviyyəsinə yüksəlib. Enerji qiymətləri bir sıra Avropa İttifaqı ölkələrində inflyasiyanın kəskin artmasına səbəb olub. Maraqlıdır, neftin və təbii qazın qiyməti artdıqca dollar devalvasiyaya gedə bilərmi? İqtisadçı Azər Balamedov Teleqraf.com-a bildirib ki, 1913-cü ildə yaranan dollar dünyada bir nömrəli rezerv valyutadır. Dollar bir nömrəli rezerv statusunu 1945-ci ildə II Dünya Müharibəsindən sonra qazanıb: “1914-cü ildə I Dünya Müharibəsindən sonra ancaq ABŞ-da işləyən lokal valyuta dünyaya transfert olunub. Bundan sonra dollar və ingilis funt-sterlinq pariteti yaranıb. Amma I Dünya Müharibəsinə qədər əsas valyuta ingilis funt-sterlinq olub, sonra ikisi bir yerdə dönərli valyuta olub. 1944-cü ildə “Bretton woods” Bretton-Vuds razılaşması imzalanır. Qərara alınıb ki, ABŞ dolları əsas rezerv valyuta olacaq və onun qiyməti qızıla bağlansın. Yəni 44-cü ildə dollar-qızıl standartı yaranır.
Bu konfransda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Valyuta Fondu (BVF) kimi təşkilatların da təməli qoyulur.
Dollar-qızıl standartı yaranarkən qızılın bir troy unsiyası 35 dollar idi. Sonra müəyyən qədər iqtisadi inkişaf templəri və dünyada borc pulların sayı artdıqca, inflyasiya yarandıqca 1950-ci illərin əvvəlində və axırlarında dollar iki dəfə devalvasiyaya gedir. Bu hadisədən sonra qızıl-dollar standartı dəyişir. Belə ki, əvvəl 35 dollar olan qızılın bir troy unsiyası daha sonra 38 dollar, ondan sonra isə 42 dollar olur.
108 illik tarixində dollar qızıla görə iki dəfə devalvasiya edib. Dollar-qızıl standartı 1976-cı ildə ləğv olunur. 1971-1978-ci illərdə Bretton-Vuds sistemi sərbəst valyuta ticarəti (valyutaların sərbəst konvertasiyası) əsasında Yamayka pul sistemi ilə əvəz olundu. Yamayka Beynəlxalq Konfransı valyuta məzənnələrini bazar qanunlarına tabe etdi. O zamandan bəri məzənnələr sabit deyil, tələb və təklifin təsiri altında dəyişir. Sabit məzənnələr sistemi mövcud olmayıb.
Razılaşmaya əsasən, qızıl pul kateqoriyasından əmtəə kateqoriyasına keçir. Dollar isə heç bir əmtəəyə bağlanmayan bir nömrəli rezerv valyuta kimi sərbəst qalır. Dollar nominal cəhətdən daim möhkəm valyuta olub, amma bu hadisələrdən sonra çəkisini itirib. Yəni 20-30 il əvvəlki 100 dollarla indiki 100 dollar bir deyil”.