Vaxtı ilə Azərbaycanada yüksək vəzifə sahibi olan sabiq məmurların və eyni zamanda da hazırda yüksək postlarda əyləşən şəxslərin ailə üzvləri tərəfindən onlarla şirkət təsis olunub.
Pravda.az xəbər verir ki, bu şirkətlərin rəbərləri bir çox hallarda məmur yaxınlarının himayəsindən yararlanaraq böyük gəlirlər əldə ediblər.
Lakin, böyük gəlirlər əldə etmələrinə baxmayaraq dövlət büdcəsinə ödəməyə borclu olduqları vergiləri vaxtında ödəməyiblər.
Vergilərini vaxtında ödəməyən şirkətlərin bəzilərini təqdim edirik:
- Prezident Adminstrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən Ramiz Mehdiyevin həyat yoldaşı, BDU-nun professor Mehdiyeva Qalina Yuriyevnanın da təsisçi olduğu “Fireland Vineyards” MMC –nin (VÖEN- 1301263921) dövlət büdcəsinə 451 min 128 manat 51 qəpik vergi borcu var.
- 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan və onun yaxın qohumları tərəfindən idarə olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin (VÖEN- 1600019501) hazırda dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 529 min 324 manat 92 qəpik vergi borcu
- Uzun illər Vergilər naziri Fazil Məmmədovla adı ilə birgə hallanan Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Synergy Group” MMC-nin (VÖEN- 1701078891) dövlət büdcəsinə 26 min 771,56 manat vergi borcu var. Hazırda “Synergy Group” MMC –yə Binəqədi rayonunun sabiq İcra başçısı Xaləddin İsgəndərovun oğlu, eyni zamanda da sabiq nazirin bacısı oğlu Elnur Xaləddin oğlu İsgəndərov rəhbərlik edir.
- Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus olduğu bildirlən “GALS” MMC (VÖEN- 1701354961 ) və “SQ-Future” MMC-nin (VÖEN-1700495641) dövlət büdcəsinə 16 min manatdan çox vergi borcu var. “GALS” MMC-nin 17 min 227 manat 96 qəpik, “SQ-Future” MMC-nin isə 4 min 38 manat vergi borcu var.