Oktyabrln 13-də Rusiyanın paytaxtı Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin növbəti iclası keçirilib, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov müvafiq nümayəndə heyətləri ilə tədbirdə iştirak edib.
Dövlət Təhülkəsizlik Xidmətindən verilən məlumata görə, iclasda MDB regionunda mövcud olan təhlükəsizlik mühitinə mümkün təhdidlər, xüsusən Əfqanıstan ətrafında yaranmış vəziyyət, onun beynəlxalq terrorçuluqla mübarizəyə təsiri, habelə MDB ölkələrində ictimai-siyasi sabitliyin pozulmasına yönələn və bəzən üçüncü ölkələrin ərazisindən həyata keçirilən pozuculuq fəaliyyətinin qarşısının alınması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular istiqamətində uğurlu nəticələrin əldə olunmasının iştirakçı dövlətlərin birgə səyləri nəticəsində mümkün olduğu xüsusi qeyd edilib. Bildirilib ki, destruktiv qüvvələrə qarşı səmərəli və effektiv mübarizə aparılması, MDB məkanında təhlükəsizliyin qorunub saxlanması, ölkələrin milli maraq və mənafelərinin etibarlı təmin olunması üçün xüsusi xidmət orqanları arasında əməkdaşlıq münasibətləri daha da genişlənməli, mütəmadi analiz və monitorinqlər keçirilməklə faydalı məlumat mübadiləsi işi daim təkmilləşdirilməlidir.