BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ola bilər ki, bəzi evlərdə iki-üç manat etsin"

Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti artıb. Tarif (Qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi.

 

 

Tarif Şurasının şənbə günü açıqladığı qərara əsasən, əhali üçün təbii qazın 1200 kub metrdən sonrakı həcmi iyul ayında qəbul edilən tarifə uyğun qalacaq.

 

 

Yəni, əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.

 

 

Təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb.

 

Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib. İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək (7 qəpik) və 300 kVts-dan çox (11 qəpik).

 

Tarif Şurasının yeni qərarında üç kateqoriya yaradılır.

 

200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts,

 

200 kVts - 300 kVts arası 9 qəpik/kVts,

 

300 kVts-dan yuxarı isə 13 qəpik/kVts

 

Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minir.

 

Tarif Şurası təbii qaz qiymətlərinin sürətli artımının dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan verdiyini bildirir. Hazırda təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir, məlumatda deyilir.

 

"Azəriqaz" İstehsalat Birliyi tariflərə baxışın "qaçılmaz" olduğunu bildirib. "Azərişıq" ASC-nin nümayəndəsi isə bildirib ki, elektrik enerjisi ilə bağlı yeni diferensiasiya aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini "qoruyub saxlamış" oldu.

 

"İstehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kVts və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınaraq güzəştli tariflər aylıq istehlakın 200 kVts-na tətbiq ediləcək", - APA agentliyində "Azərişıq" ASC-nin Enerji Satışı Departamenti direktorunun 1-ci müavini Vüqar Nəbibəylinin sözləri iqtibas olunur.

 

Onun sözlərinə görə, yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri "2,05 manat həddində proqnozlaşdırılır".

 

Lakin qiymət artımını şərh edən iqtisadçı Natiq Cəfərli son proqnozla razılaşmır. "Ola bilər ki, bəzi evlərdə iki-üç manat etsin. Amma elə 4 nəfərlik ailə olacaq ki, bu daha çox - 15-20 manat civarında hiss olunacaq".

 

Natiq Cəfərlinin dediyinə görə, buna fərqli bölgələrdə sərfiyyat, evin sahəsi, onun necə bir istilik sistemi ilə təmin olunması kimi məsələlər təsir edir. "Elə yerlər var ki, elektrik enerjisindən qızdırıcı kimi də istifadə edirlər və yaxud da kondisionerlərdən istifadə edib evləri qızdırırlar. Bunları nəzərə almadan, ancaq orta statistik ailənin xronometraj olaraq istifadə etdiyi elektrik enerjisi və qazı ortalama götürmək ən azından düzgün deyil".

 

BBC News Azərbaycancaya danışan iqtisadçı həmçinin son qərarın dünya bazarlarındakı qiymət artımı ilə bağlı olduğuna da şübhə edir.

 

"İstinad nöqtəsi kimi də dünya bazarlarında gedən proseslər göstərilir. Bu da məntiqsizlikdir, çünki biz nə elektrik enerjisində, nə də təbii qazda idxalçı ölkəyik", - Natiq Cəfərli deyir.

 

Təbii qazda qiymət artımı sonuncu dəfə bu il iyulun 1-də olmuşdu.


Tarix: 17 Oktyabr 2021, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin