Bu günlərdə şəhid Ruslan Abbasovun il mərasimində şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova biri tədbirdə iştirak edən Milli Məclisin deputatı Aydın Hüseynova müraciət edərək övladını çətinliklə böyüdən ailələrə "uşaq pulu" verilməsini təklif edib. “Qafqazinfo" qeyd edilən məsələ ilə bağlı deputat A. Hüseynovla əlaqə saxlayıb. O bildirib ki, tədbirdə şəhid anasına söz verib ki, bu təklifi aidiyyatı üzrə hökumət qarşısında qaldıracaq: “Bununla bağlı ali icra orqanları ilə təhlillər aparmaq lazımdır. Ölkədə mərhələ-mərhələ sosial paketlər həyata keçirilir. Bilirsiniz ki, ölkə prezidentinin sərəncamı ilə əməkhaqları, təqaüdlər artırılıb.
“Uşaq pulu” məsələsi də artıq bir sosial sifarişə çevrilib. Buna görə də bu istiqamətdə hökumətin addımları olacaq. Vətəndaşlarımız da bilsin ki, burada əsas məsələ bizim büdcəmiz formalaşmasıdır. Bu büdcə “uşaq pulu” adı ilə, yaxud müavinət adı ilə formalaşa bilər. Sadəcə bizdə belə düşünürlər ki, verilən vəsaitin adı mütləq “uşaq pulu” olmalıdır. Ancaq bu məsələlərə biganə qalınmayacaq, yardım ünvanlı olmalıdır. Birinci növbədə, həssas təbəqənin qayğıları əhatə olunmalıdır. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına ünvanlı şəkildə sosial qayğı artırılmalıdır”.