BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb - Qiymətlər dəyişdi…

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 64 min 954 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

 

Ölkəyə gətirilən avtomobillərin ümumi gömrük dəyəri 659 milyon 508,2 min dollar olub.

 

Pravda.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara görə, ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 10 min 153 dollar (17 min 261 manat) olub.

 

Yanvar-sentyabr ayları ərzində Azərbaycana 60 min 578 ədəd minik avtomobili, 141 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4 min 123 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 112 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal olunub.

 

Bundan başqa xaricdən 8 min 779 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid), 93 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib.

 

Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 6 min 108 dollar (10 min 385 manat) olub. Yalnız elektrik mühərrikilə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 24 min 534 dollar (41 min 708 manat) olub.

 

Məlumat üçün bildirək ki, ötən ilin analoji dövrü ilə müqayisdə avtomobillərin idxalı kəskin artıb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 38 min 632 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.

 

Diqqət çəkən məqamlardan biri də idxal olunan hibrid avtomobillərin sayının kəskin artması olub. Bu növ avtomobillərin idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artıb. Hibrid avtomobillərin orta gömrük dəyəri isə cüzi artıb. Belə ki, ötən ilin ilk 9 ayında ölkəyə gətirilən hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 min 690 dollar (9 min 672 manat) olub.

 

Yeniavaz.com

Tarix: 18 Oktyabr 2021, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin