Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
DİN-dən Pravda.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal rayonu ərazisində keçirdikləri tədbirlər zamanı paytaxt sakini Elvin Babaxanlı, əvvəllər məhkum olunmuş şəxslər Anar Cəbiyev və İsa Cavadov saxlanılıblar. Elvin Babaxanlının üzərində şəxsi axtarış aparılan zaman ondan 6 kiloqram 40 qram heroin aşkar olunub. Anar Cəbiyevin üzərindən 11 qram, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşadığı evdən əlavə 3 kiloqram, İsa Cavadovun üzərindən isə 20 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Yasamal rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Samir Aslanov və Xəqani Qurbanov tutulub. Bu şəxslərin üzərindən ümumilikdə 10 qram heroin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Samir Aslanovun idarə etdiyi motosikletin saxlanc yerindən 2 kiloqram, Xəqani Qurbanovun evindən də 2 kiloqram heroin və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkar edilib.
Baş İdarə əməkdaşlarının Nəsimi və Suraxanı rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha 5 nəfər - Qüdrət Mövsümov, tanışı Elvin Namazov, Kənan Abdullayev, eləcə də əvvəllər məhkum olunmuş şəxslər Mehman Mikayılov və Mahir İbrahim saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən, həmçinin Kənan Abdullayevin idarə etdiyi avtomobildən ümümilikdə 1 kiloqram 400 qrama yaxın heroin, metamfetamin, 6 ədəd elektron tərəzi, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar aşkar olunaraq götürülüb.
Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Elvin Babaxanlı, Anar Cəbiyev, İsa Cavadov, Samir Aslanov, Xəqani Qurbanov, Qüdrət Mövsümov, Elvin Namazov, Kənan Abdullayev, Mehman Mikayılov və Mahir İbrahimin ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Bu şəxslərin hər biri izlərini itirmək məqsədi ilə əsasən taksi və kuryerlik fəaliyyətləri göstərdiklərinə dair yalnış görüntü yaradaraq paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər. Onların cinayətləri ətraflarında həyata keçirilən əməliyyat-texniki tədbirlərlə və əldə olunan təkzibedilməz faktlarla tam sübuta yetirilib.