BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Maaş və pensiyalar nə qədər arta bilər?


Tarif Şurasının təbii qaz və elektrik enerjisi qiymətlərinin artırılmasına dair qərarından dərhal sonra Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalidə 2022-ci ildə əmək haqqı, pensiya, müavinət və sosial ödənişlərin artırılacağı ilə bağlı inam yaratdı.

Sərəncamda qeyd olunur ki, 2019-cu ildə Azərbaycanda iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləği orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, minimum əmək haqqı 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqları orta hesabla 50 faiz artırılıb. Nəticədə 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əmək haqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım qeydə alınıb.

Ölkə Prezidenti beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb ona təqdim etməyi tapşırıb.

Prezidentin sərəncamından sonra ölkədə əmək haqqı və pensiyaların, müavinətlərin nə qədər artırılacağı müzakirə olunur.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan orta aylıq nominal əmək haqqı 707,7 manat təşkil edib. Ölkə üzrə muzdlu işçilərin sayı isə 1 milyon 698,7 min nəfər olub. Bu zaman mədənçıxarmada (işçi sayı 34,1 min nəfər) orta aylıq nominal əmək haqqı məbləği 3278,6 manat, Maliyyə və sığorta fəaliyyətində 1726,4 manat (28,9 min nəfər), Peşə, elmi və texniki fəaliyyətdə 1188,4 manat (58,4 min nəfər), İnformasiya və rabitədə1082,6 manat (29,8 min nəfər), Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 433,5 manat(61,2 min nəfər), Ticarət; nəqliyyat vasitələrinin  təmirində 521,4 manat(312,7  min nəfər), təhsil sahəsində 515,7 manat(332,9 min nəfər), Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 524,7 manat(140,2 min nəfər) təşkil edib.

Rəsmi statistikadan aydın olur ki, 2021-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 min nəfər və ya 0,8 faiz artaraq 1684,9 min nəfər olub. İlin əvvəli ilə müqayisədə isə muzdlu işçi sayında 0,8 faiz azalma baş verib. Sentyabrın əvvəli üçün muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.

2021-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 725,6 manat təşkil edib. Həmişəki kimi, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olaraq qalır.

Ölkədə pensiya alanların sayı isə 1,2 milyon nəfər civarındadır.

Əhalinin diqqətində olan əsas məsələlərdən biri də son aylarda xüsusilə sürətlənən inflyasiyanın qaz və elektrik enerjisinin qiyməti artırılandan sonra daha da güclənəcəyidir. Rəsmi statistikaya əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5,2 faiz yüksəlib. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 6 faiz, qeyri-ərzaq məhsulları 4,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər  isə 4,6 faiz bahalaşıb. Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 8,5 faiz yüksəlib.

2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarında bahalaşma əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 10,4 faiz təşkil edib. Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.

Sentyabr ayında qeyri-ərzaq məhsullarında bahalaşma əvvəlki aya nisbətən 0,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 5,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdə isə əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 7,9 faiz təşkil edib.


İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, ölkə üzrə müxtəlif sahələrdə əmək haqlarının məbləği bir-birindən kəskin fərqlənir: “Hətta təhsil sahəsində belə minimum məbləğlə maksimum arasında ciddi fərqlər var. Eyni fərqləri pensiyalarda da görmək mümkündür. Bu baxımdan, hesab edirəm ki, əmək haqqı, pensiya və müavinətlərin artımı diferensial qaydada həyata keçirilməlidir. Reqressiv metoddan istifadə edilməlidir. Daha az gəliri olan sosial qruplar - pensiyaçılar, minimum əmək haqqı səviyyəsində gəliri olanlar, müavinət alanlar - üzrə gəlirlərin təxminən 40 faiz artırılması təmin olunmalıdır. Çünki ötən dövr ərzində həm qiymət artımları kəskin şəkildə davam edib, həm də 2022-ci ildə pensiyalara tətbiq ediləcək indeksasiya səviyyəsi çox aşağı, təxminən 1 faiz ətrafında olacaq. Çünki bu il orta aylıq əmək haqqının artımı aşağıdır. Əvəzində bu ilin əvvəlindən bəri vətəndaşların ailə büdcəsinə ciddi təsiri olan tənzimlənən tariflərdə ciddi artımlar edilib. Təkcə iki gün əvvəl qəbul edilmiş qərarlar nəticəsində yalnız limitlər çərçivəsində elektrik enerjisi və qaz istehlak edən ailə təsərrüfatlarına 285 milyon manat əlavə xərc yaradacaq. Buna görə də gəliri az olan sosial qruplar üçün gəlirlərin 40 faiz, orta aylıq əmək haqqı səviyyəsində gəliri olanlar üçün 15 faiz artırılması məqsədəuyğun olardı”.

Ekspertin fikrincə, kənd təsərrüfatı sahəsində çalışanların əmək haqlarında 40 faiz, təhsil işçilərinin maaşlarında 20 faiz civarında artım edilməlidir ki, tarif dəyişikliyi və inflyasiyanım yaratdığı əlavə xərcləri kompensasiya edə bilsinlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda isə qeyd olunur ki, Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir: “Sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əmək haqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək”.

Nazirlik bildirir ki, pensiya və sosial müavinət artımı tədbiri  450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək: “Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq. Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək. Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir”.

"Yeni Müsavat"

Tarix: 19 Oktyabr 2021, 09:38   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin