“Hədə-qorxu gəlirlər, evlərimizdən zorla çıxarmağa çalışırlar. Şirkətin işçiləri şəxsən məni hədələyirlər ki, idmançıları gətirərik, filan... Deyirlər, işığını, qazını, suyunu kəsəcəyik, məcbur olub çıxacaqsan evdən. Divarın o tərəfində gecə-gündüz traktorlar, buldozerlər işləyir, evlərimiz silkələnir, divarlar aralanır. Bu işləri görən şirkətin heç məhkəmələrdən də çəkinəcəyi yoxdur. Evlərimizi sökmək istəyən şirkət Ali Məhkəmənin qərarını saymır”.
Bunu Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi ev 42 ünavnda yaşayan Nəsir Məmmədli deyir.
Bir müddətdir ki, “Dönüş-1” MMC bu ünvanda evlərin söküntüsünü həyata keçirir. Şirkət ərazidə hündürmərtəbəli yaşayış binası tikəcək. Ərazidə yaşayan sakinlərsə şirkətin fəaliyyətindən narazılıq edir. Onların iddiasına görə, şirkət burada işə başlayarkən sakinlərin fikrini nəzərə almayıb.
“4 ildir ki, zülm içərisində yaşayayırıq”
“4 ildir ki, bu zülmün içərisindəyik. Mənzil sahiblərinin razılığı olmadan evləri zorla uçuruldu. Mənzil saahiblərini verdilər məhkəməyə, məhkəmə vasitəsilə təzyiqlər göstərib evdən çıxartdılar. Elə insanlar da oldu ki, şirkətin hədələrinə tab gətirməyib çıxdı. İndi burda 3 ailə qalıb, onlardan biri də mənəm. Divarın o tayında yeri eşirlər, evin özülü dağılır. Qəsdən edirlər. Heç nədən qorxuları yoxdur. Yaxşı bilirlər ki, bu evin özülü dağılsa, bir ailə daş-kəsəyin altında qalıb məhv olacaq, bununla belə əməllərindən qalmırlar. Çünki arxalıdılar, o adamlara arxayın olub başımıza hər oyunu açırlar. Bilirlər ki, etdikləri ən ağır cinayətə görə də cəzasız qalacaqlar”.
“Şirkət məhkəmə qərarını da saymır”
Şirkətlə Nəsir Məmmədli arasında məhkəmə çəkişmələri olub. Nəsir Məmmədli deyir, şirkət heç məhkəmə qərarını da saymır:
“Şirkət bizim mülkiyyət üzərindəki hüquqlarımıza xitam verilməsi üçün məhkəməyə müraciət etmişdi. İş Ali Məhkəməyədək gedib çıxdı. Ali Məhkəmənin verdiyi qərar bizim xeyrimizə oldu. Bununla belə, şirkət yenə dinc dayanmadı, evimizə bitişik mənzilləri sökməklə bizim mənzillərə də zərər vurdu. Hazırda mənzillərimizin 2-3 metrliyində ağır texnikalar söküntü işi aparır. Döşəmə, tavan çat verir, dam örtüyü dağılıb, pəncərələrin şüşələri qırıq-qırıq olub, divarlar aralanır. Evlərimiz hər an dağıla bilər. Deyirlər, onsuz da gec-tez hansı yolla olursa olsun, burdan köçəcəksiz, başqa yol yoxdur. Biz də deyirik, gətirin kompensasiyamızı ödəyin, çıxaq”.