“Gilan Holdinq”in Qəbələ rayonunda yerləşən turizm komplekslərində və istehsal müəssisələrində kütləvi ixtisarlar gedir. İşdən çıxarılan yerli sakinlərdən biri Pressklub.az-a bildirib ki, iki həftə əvvəl onlara “Qəbələ Sport Hotel”, “Qəbələ Hotel”, “Karvansara Otel”, “Qafqaz Resort Hotel”, “Qafqaz Riverside Hotel”, “Gilan Hotel”in fəaliyyətini dayandırdığını elan ediblər.
Mənbə bildirib ki, Holdinqin yerli istehsal müəssiələrindən Çips Zavodu, meyvə şirələrinin istehsalı ilə məşğul olan zavod dayanıb. Fındıq Emalı Zavodu isə artıq yerli fermerlərdən məhsul qəbul etmir. Məhsul bu il ötən ilki qiymətlərdən xeyli ucuz – 3 manat 20 qəpiyə alınıb. Yerli sahibkarların bildirdiyinə görə, audit yoxlamaları adı altında başlanan bu proses, əslində, sahibin dəyişməsi məqsədi daşıyır.
Hotellərin birində işini itirmiş Qəbələ sakini bildirir ki, onlara bundan sonra fəaliyyət göstərməyəcəklərini deyib, maaşlarını ödəyib, əmək müqavilələrinə xitam veriblər: “Rəhbərlikdən öyrəndik ki, hotellərin yeni sahibləri əvvəlki işçilərin işdən çıxarılmasını tələb edib, bütün obyektlər bir türk şirkətinin idarəçiliyinə verilib. Onlar isə öz komandaları ilə işləyəcəklər. Bu hotellərdə Qəbələ rayonunun 300-dən artıq sakini çalışıb, indi hamı işini itirib. Bu çətin vaxtda bilmirik, nə edək, haradan iş tapaq”.
“Gilan”ın yerli istehsal müəssisələrində işləmiş başqa bir yerli sakin də Pressklub.az-a deyib ki, müəssisələrin dayanması rayonda ciddi işsizlik yaradıb: “Məlumdur ki, Qəbələdə ancaq “Gilan Holdinq” fəaliyyət göstərir, burada işçi tutumlu müəssisələr bu şirkətə məxsusdur. Son illər onların fəaliyyəti xeyli zəifləmişdi, işçilərin azı üçdə biri ixtisar edilmişdi. Bu il isə demək olar ki, bütün müəssisələr dayanıb, rəhbərlik səbəbini bizə demir. Amma eşitdiyimizə görə, şirkətin sahibi dəyişdirib, ona görə bütün obyektlər dayanıb”.
“Gilan Holdinq”də baş verənlərə aydınlıq gətirmək üçün şirkətin internet səhifəsində yerləşdirilmiş əlaqə telefonuna zəng etdik. Avtomatik qəbul sistemindən “Kapital Taueres” şirkətinə zəng etdiyimiz qeyd olundu və zəng operatora yönləndirildi. Dəstəyi qaldıran əməkdaş sualları dinlədikdən sonra bildirdi ki, şirkətdə ixtsarlar aparılıb. Əlavə etdi ki, medianın suallarını cavablandıracaq şəxs, qurum olmadığına görə başqa heç bir məlumat verə bilməzlər.