Azərbaycan cüdo millisinin üzvü Elmar Qasımov Cüdo Federasiyasından narazıdır.
İdmançı rəhbərlik tərəfindən maaşlarının, mükafatlarının kəsildiyini iddia edib.
Qasımov əvvəlcə Olimpiadadan öncə yığmadan uzaqlaşdırılması ilə bağlı danışıb: “Yığmadan uzaqlaşdırılmaq məsələsini özüm də başa düşmədim. Dedilər ki, “Tik-tok”da çəkdiyim videolara görə belə addım atılıb. Onsuz da həmin vaxt yığmada deyildim, məşq eləmirdim. Ölkə xaricində istirahətə yollanmışdım. Olimpiadaya da aparılmırdım. Buna görə mənim maaşımı da kəsdilər, Olimpiadaya lisenziya qazandığıma görə veriləcək 5 min manat mükafatı da vermədilər. Fikrimcə, bu cür addımların əsasında bir şey dayanırdı ki, mənim pulumu kəssinlər. Bundan qabaq da belə hallar baş verib. Kimin maaşını istəyirlər kəsirlər. Bəhanə gətirirlər ki, məşqə gecikmisən. 2017-ci ildə dünya çempionatında yer tutanda da eyni şeyi etmişdilər. Mükafatlarımızı 18 min manat az vermişdilər. Adamın həvəsi qalmır bu cür hadisələrdən sonra. Olimpiya ikincisi, dünya və Avropa çempionatlarının mükafatçısıyam, amma 800 manat maaş alıram, bu da ancaq yol pulu edir. Deyə bilmərəm ki, maaşı kəsməklə hamıya haqsızlıq edirlər, amma haqsızlığa uğrayan çox adam var. Rəhbərlik də ürəyi nə istəyir onu edir”
Qasımov Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmaması barədə də fikirlərini bildirib: “Olimpiadaya hazır deyildim. Həm pandemiyaya görə, həm digər səbəblər var idi ki, hazır olmadım. Əslində, məşqlər düzgün keçirilmirdi, çox zəif idi”.
Təcrübəli cüdoçu Olimpiadada komandamızın zəif çıxışında məşqçiləri günahlandırıb: “Dəqiq səbəb deyə bilməsəm də, məşqçilərin günahkar olduğunu düşünürəm. Mən Olimpiadadakı çıxışa zəif yox, çox zəif deyərdim. Bütöv komanda uğursuz oldu. Olimpiadadan sonra nəticənin pis olmasına görə idmançıların maaşları azaldıldı, məşqçilər qovuldu. Düşünürəm ki, maaşların azaldılmasını hardasa düz saymaq olar. Çünki Olimpiadadan öncə maaşlar qaldırılmışdı. Amma bunlar problemi həll etmir. Təzə məşqçilər nəsə yenilik gətirə bilərlər, uğur qazana bilərlər. Keçmiş baş məşqçi Ruslan Maşurenko komandaya lazım olanı verə bilmirdi. Onun dövründə komanda çox zəiflədi. İdmançılar nə qədər narazılıq etsə də, rəhbərlik Maşurenkonun tərəfini tuturdu. Yığma komandadan şəxsi məşqçiləri uzaqlaşdırırdılar, çünki Maşurenko belə istəyirdi. İdmançılar narazılıq edəndə idmançıları da göndərirdilər. Bizim özümüzü Olimpiada qabağı iki aylıq məşqdən uzaqlaşdırdılar. Tokio-2020-yə 1 ildən bir az çox qalmışdı Hidayət Heydərovu, Məmmədəli Mehdiyevi və məni yığmadan uzaqlaşdırmışdılar. Bu hansı peşəkarlığa sığır? Rəhbərliyin vecinə deyil ki, kim medal qazanacaq, kim yox”.