Atı yiyəsinə baxıb nallayırlar.
Atalar məsəli
Hər dəfə ədəbiyyat üzrə Nobel mükafatı alan şəxsin adı bəlli olduqdan sonra Azərbaycanda mənasız, həm də həyasız bir müzakirə açılır. Mənasız, həm də həyasız müzakirə əsasən bu kimi axmaq sualların ətrafında aparılır: Bizim yazıçılar niyə Biləcəridən o tərəfə keçə bilmirlər? Bizim yazıçılar niyə xaricdə tanına bilmirlər? Bizim yazıçılar nə vaxt Nobel mükafatı alacaqlar?
Ayrı-ayrı vaxtlarda, ayrı-ayrı yazılarda azərbaycanlıların heç bir itki vermədən, heç bir fədakarlıq etmədən, heç bir əziyyət çəkmək istəmədən bütün ali adlara, bütün ali məqamlara, bütün ali hisslərə iddia etməkləri haqqında dəfələrlə söhbət açmışıq. Həqiqətən də çox maraqlı fenomendir. Bu maraqlı fenomenin haralardan qaynaqlandığını, mənbəyini haralardan götürdüyünü müxtəlif sahələrə aid çox ciddi mütəxəssislər araşdırmalıdır. Bu maraqlı fenomeni araşdırmaq qətiyyən bir nəfərin, iki nəfərin işi deyil.
Ölkədə müəlliflərə qonorar verən bir dənə də olsun müstəqil, yarımüstəqil ədəbiyyat jurnalı yoxdur. Ölkədə bir dənə də olsun müstəqil ədəbiyyat müsabiqəsi keçirilmir. Nəşriyyatlar müəlliflərə qonorar ödəmir, ödəyə bilmir. Bölgələrə, rayonlara kitablar gedib çatmır. Nəşriyyat işi, nəşriyyat-müəllif-alıcı münasibətləri, ümumiyyətlə, kitab sənayesi bərbad, ağlamalı vəziyyətdədir. Dövlətin ədəbiyyata, yazıçılara səmimi, təmənnasız köməyi yox dərəcəsindədir. Ədəbiyyatın ölkə daxilində, ölkə xaricində təbliği istiqamətində heç bir səmərəli iş aparılmır.
Amma azərbaycanlıların ürəyindən, könlündən, qəlbindən ədəbiyyat üzrə Nobel mükafatı almaq keçir.