“Bravo” marketlər şəbəkəsini idarə edən “Azərbaycan Supermarket” MMC istiqraz buraxılışı yolu ilə 40 milyon manat cəlb etməyi nəzərdə tutur. Oktyabrın 14-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “Azərbaycan Supermarket” MMC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Birjanın yaydığı məlumata görə, 28 oktyabr 2021-ci il tarixində “Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Üç illik müddəti olan istiqrazların faiz dərəcəsi 10,5-dir. Nominal dəyəri 1000 manatdır və cəmi 10 min pay hərraca çıxarılır.
“Azərbaycan Supermarket” MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsi Azərbaycanda ən böyük və əsas pərakəndə ticarət şəbəkələrindən biri sayılır. MMC-nin açıqladığı məlumata görə, hazırda Azərbaycanda şəbəkəyə daxil olan 83 min kvadratmetr sahəyə malik 71 mağaza fəaliyyət göstərir. Üç il öncə - 2018-ci ildə şirkət cəmi yeddi mağazaya sahib idi.
“Azərbaycan Supermarket” MMC-nin maliyyə hesabatına görə, son 4 ildə “Bravo” mağazalarının sayında olduğu kimi, gəlirlərində də ciddi artım qeydə alınıb. Belə ki, şirkətin gəlirləri 2018-ci ildəki 232 milyon manata qarşı 2019-cu ildə 402 milyon manata, pandemiya ili olan 2020-ci ildə isə daha 111 milyon manat artaraq 513 milyon manata çatıb. Hesabat dövründə şirkətin aktivləri də təxminən iki dəfə artaraq 242 milyon manatdan 465 milyon manata yüksəlib. Bu il də şirkətin gəlir və aktivləri böyüyüb və ötən ilin eyni dövrü ilə müqayisədə “Bravo”nun aktivlərində təxminən 26 faiz, məhsul satışlarında 25 faiz, nağd və nağd vəsait ekvivalentlərində isə iki dəfəyə yaxın artım baş verib.
“Azərbaycan Supermarket” MMC-nin istiqraz emissiyasına hazırlaşmasına dair məlumatlarla eyni vaxtda məlum oldu ki, ötən il yarım milyard manatdan çox gəlir əldə etsə də, şirkət üç ildir ki, zərərlə işləyir. Belə ki, “Bravo”nun zərəri 2018-i ildə 44 milyon manata, 2019-cu ildə 42 milyon manata, 2020-ci ildə isə 47 milyon manata yaxın olub. Eyni dövrdə şirkətin borcları da artıb. 2018-ci ildə şirkətin öhdəlikləri 151 milyon manat olduğu halda, 2020-ci ildə bu rəqəm 379 milyon manata yüksəlib.
“Azərbaycan Supermarket” MMC istiqraz buraxılışı ərəfəsində zərərlə bağlı yayılan məlumatlara görə açıqlama ilə çıxış edib. Açıqlamada qeyd olunur ki, “Müasir qida pərakəndəçiliyi” sektorunda müsbət nəticələr və mənfəət əldə etmək üçün mağaza şəbəkəsinin genişləndirilməsinə və müəyyən zamana ehtiyac var: “Hər hansı yeni mağaza 6-12 ay ərzində əməliyyat mənfəəti əldə etməyə başlayır və yalnız fəaliyyətə başladıqdan 18-24 ay sonra bu dövr ərzində yığılmış əməliyyat xərclərini tam ödəyir. Qoyulan investisiyanı tam şəkildə geri qaytarmaq isə mağazanın işə başladığı gündən etibarən təxminən 3-4 il çəkir. Beləliklə, şəbəkəni genişləndirmək və yeni marketlər açmaq üçün daimi investisiyalara ehtiyac olduğunu nəzərə almaq vacibdir”.
Şirkət bildirir ki, maliyyə hesabatında yer alan mənfi maliyyə nəticələri sürpriz yox, aqressiv böyümə strategiyasının nəticəsidir: “Azərbaycanda ”müasir qida pərakəndəçiliyi" üzrə ümumi bazar payı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin beynəlxalq göstəricilərindən geri qalır. Bu da öz növbəsində bizim şəbəkəmizi genişləndirmək və bazar payını qorumaq strategiyamızı izah edir. Son 3 il ərzində biz “Azərbaycan Supermarket” MMC-nin əməliyyat mənfəətinin (EBITDA) artımını müşahidə etmişik. 2020-ci il 2019-cu ildən 50 faiz yüksək olmaqla, həm 2019, həm də 2020-ci illərdə müsbət əməliyyat mənfəəti qeydə alınıb. Əməliyyat marjası (EBITDA-in satışa nisbəti) da illər ərzində artmışdır (2019-cu ilə nisbətən 2020-ci ildə 20 faiz artım). Bu nailiyyət, satış marjasının hər il artması və böyümə nəticəsində idarəetmə xərclərinin satışa nisbətdə optimallaşdırılması sayəsində mümkün olmuşdur. Əməliyyat marjasını (faizlə) artırmaq üçün hələ də imkanlarımız var və bu məqsədimizə çatmaq üçün hazırda bir sıra təşəbbüslər həyata keçiririk".
MMC vurğulayır ki, emissiya prospektində qeyd olunan maliyyə zərərlərinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tətbiqi ciddi təsir edib: “Bu təsir özünü təsisçilər tərəfindən əslində faizsiz verilmiş borclara faiz xərclərinin hesablanması, habelə 16 saylı MHBS-nın tələbinə uyğun olaraq mağazaların icarə müqavilələrinin uzunmüddətli öhdəlik kimi tanınması şəklində göstərir. Bunlar biznes perspektivindən baxıldıqda real xərclər deyil. Hər iki dəyişiklik balans hesabatında xalis aktivlərin məbləğinə müsbət təsir göstərsə də, mənfəət və zərər haqqında hesabatda mənfi rəqəmlərlə əks olunur. Menecment uçotu və əməliyyatlar baxımından bu xərclər müəssisənin cari maliyyə vəziyyətini tam əks etdirmir”.
Sənəddə göstərilən öhdəliklərə gəldikdə isə şirkətin açıqlamasına görə, onların, sadəcə, 20 faizi biznes əməliyyatları ilə bağlıdır: “Bizim cari aktivlərimiz (nağd vəsaitlər, mallar və s.) sözügedən öhdəlikləri demək olar ki, 2 dəfə üstələyir ki, bu da əməliyyat likvidliyinin bariz nümunəsidir. Qalan öhdəliklər təsisçilərə olan borc və 16 saylı MHBS-yə əsasən yaradılmış uzunmüddətli icarə öhdəlikləridir. Qeyd etmək lazımdır ki, təsisçilərə olan borc da öz növbəsində mahiyyət etibarilə kapitalın bir növüdür.