Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilər başa çatmışdır. Seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin rəyi seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə ölkənin qanunvericiliyinə tam uyğun olaraq keçirildiyini sübuta yetirir. Seçkilərdə 1314 namizədin iştirak etməsi deputat mandatı uğrunda mübarizənin yüksək rəqabət şəraitində aparılmasından xəbər verir.
Bu barədə Pravda.az-a partiyadan məlumat verilib.
“Daha güclü Azərbaycan naminə” çağırışı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası 123 dairədə qeydiyyatdan keçmiş namizədi ilə geniş və əhatəli seçki kampaniyası aparmağa müvəffəq olmuşdur. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri, ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi, uğurla davam edən genişmiqyaslı islahatlar Yeni Azərbaycan Partiyasının sözügedən seçkilərdə istinad etdiyi əsəs məqamlar olmuşdur. Qeyd etmək yerinə düşər ki, seçkilərə şəxsi keyfiyyətləri sayəsində insanlar arasında böyük nüfuz qazanmış layiqli namizədləri ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurla həyata keçirilməsinə partiyanın çoxsaylı üzvləri və könüllüləri də böyük töhvə veriblər.