Azərbaycanda koronavirusa yoluxanlar hələ də sağalanları üstələyir. Gündəlik ölüm sayı 20-30 arasındadır. Aktiv xəstə sayı 26 mindən çoxdur. Bir sözlə pandemiya ilə bağlı durum heç də ürəkaçan deyil. Üstəlik rəsmi qurumlar növbəti aylarda, yəni noyabr və dekabrda epidemioloji durumun daha da kritikləşəcəyini, növbəti dalğanın tüğyan edəcəyini bəyan edirlər.
Məlumat üçün qeyd edək ki, dünya ölkələrində də epidemiya ilə bağlı vəziyyət pisləşib. Bəzi ölkələr artıq koronavirusdan qorunmaq məqsədilə karantin tədbirlərini sərtləşdirirlər. Avropa ölkələrində küçələrdə maskasız gəzmək qadağası bərpa edilib. Təhsil müəssisələri, restoran və kafelərin fəaliyyətinə məhdudiyyət qoyulub.
Bəs, Azərbaycanda pandemiya ilə bağlı karantin rejiminin sərtləşəcəyi gözlənilirmi?
Qeyri-rəsmi məlumatlara görə bu həftənin şənbə günü Nazirlər Kabineti yanında Operativ Qərgahın növbəti brifiniqi təşkil olunacaq. Brifinqdə pandemiya ilə bağlı bəzi məhdudlaşdırıcı qərarların veriləcəyi istisna olunmur. İlkin ehtimallara görə Azərbaycanda da bəzi Avropa ölklərində olduğu kimi açıq havada maskasız gəzmək qadağası bərpa edilə bilər. Ardınca, toy, xınayaxtı, nişan və digər böyük mərasimlərin keçirilməsinə məhdudiyyət qoyula bilər. Hansı ki, son vaxtlar yoluxmanın daha çox toy mərasimlərində artdığı müşahidə edilir. Uzun müddət bir-birlərini görməyən insanlar qucaqlaşır və yaxın təmasda olurlar.
Təhsil müəssisələrinin qapadılmasına gəlincə, məsələ ilə bağlı ictimaiyyətdə hələki yekdil fikir formalaşmayıb. Valideynlərin əksəriyyəti virusun sürətlə yayılması təhlükəsi səbəbindən məktəblərin bağlanmasını tələb edirlər.