“Ümumiyyətlə, son dövrlər uşaqların azyaşlı vaxtlarından münasibətə girmələrinin şahidi oluruq. Xüsusilə sosial şəbəkələr, telefon istifadəsi uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Sonra məktəbin tinində görüşür, danışır, sevişirlər. Hesab edirəm ki, uşaqların mobil telefondan istifadəsinə 14-15 yaşdan sonra icazə verilməlidir. Bizim vaxtımızda, bir oğlan qıza sevdiyini etiraf etmək üçün illərlə gözləyirdi. Yeni-yeni özünü qız kimi tanımağa başlayanlar 10-11 yaşlarında internetdə min cür şeylər görürlər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
O bildirib ki, belə halların qarşısını almaq üçün ailədə və məktəbdə nəzarəti gücləndirmək lazımdır: “Başa düşürəm, indi ailələrdə həm ata, həm ana işləyir deyə övladlarına çox da vaxt ayıra bilmirlər. Ona görə də bu işdə onlara məktəblər də kömək etməlidir. Azərbaycanlı ailələrdə abır-həya, ata-ana qayğısı hər zaman ön plandadır. Amma istənilən halda, bu cür hallar artır. Biz bu cür “tərbiyə”ni Qərbdən öyrənmişik. Qərbə inteqrasiya deyəndə yaxşı şeyləri mənimsəmək lazımdır. Bu cür bizə yad olan mental qaydalara yönəlmək doğru deyil”.
E.Quliyev, həmçinin İmişli rayonunda 11 yaşlı qızın ögey atası tərəfindən zorlanmasına da münasibət bildirib. Qeyd edib ki, hadisəni qətiyyətlə pisləyir və bu hərəkəti edən şəxsin layiqli cəza alacağına inanır: “Məsələ hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə araşdırılır. Zorlanmanın hansı səviyyədə olması bəlli deyil. İstənilən halda, ağlabatan hadisə deyil. Bir müddət əvvəl Tovuzda da buna bənzər hadisə baş vermişdi. Nərmin adlı qız uşağı zorlanıb, sonra yandırılaraq öldürülmüşdü. Biri dedi, mən günahkar deyiləm, o biri dedi, mən deyiləm və s. Həbs edilən şəxsin də əqli problemlərinin olduğu deyilir. Yəni, məsələ hələ də müəmmalıdır. Belə çıxır ki, cəmiyyət özü-özünü qorumağı bacarmalıdır. Hər yerdə, ailədə, məktəbdə, lazım gələrsə, lap elə küçədə və məhəllədə də özünütərbiyəni təbliğ etmək, mental qaydaları qorumaq lazımdır”.
Nəzrin Cavid