İmişli rayonunda hamilə olan 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ölkə gündəmini silkələdi. Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən bildirilib ki, uşaq 30-31 həftəlik, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Ananın vəziyyəti yaxşıdır, uşağın isə vəziyyəti ağırdır. Araşdırma zamanı məlum olub ki, azyaşlını ögey atası Q.Fərəcov bir neçə dəfə zorlayıb. Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb. Hazırda istintaq davam edir. İmişli rayonunun millət vəkili Razi Nurullayev məsələ ilə bağlı News24.az-a açıqlama verib. O bildirib ki, xəbəri ilk dəfə oxuyanda dəhşətə gəlib: “Məlumatı beynimdə dərk edəndən sonra tüklərim biz-biz oldu. Utanc hissi keçirdim. Hərçənd ki, bu utanc hissini alçaq və yaramaz hərəkəti edənlər, buna göz yumanlar keçirməlidir. Bu tip hadisələrin ölkəmizdə çoxalmasının bir neçə səbəbi var. Qız uşaqlarının məktəblərə buraxılmamasını buna nümunə deyə bilərik. Nəticə etibarilə təhsilsizlik cahilliyə səbəb olur. Bizim cəmiyyətimizin özünün də bir məsuliyyəti var. Bu tip hadisələrdə ailələr biabırçılığı ört-basdır etmək üçün cavan bir insanın həyatını qurban verirlər. Ata, ana, bacı, qardaş və s. öz ad-sanını qorumaq üçün bunu edirlər. Ancaq nəticə etibarilə bu, çıxış yolu olmur və sonda biabırçılıq yaşanır”.
Deputat məsələnin həlli üçün bir neçə çıxış yolu təklif edib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İcra Hakimiyyətinin nümayəndələri, bələdiyyələr və müxtəlif dövlət orqanları ilə apardığı işlər nəticəsində bütün ölkə boyu narahat ailələr barədə məlumat yığmalıdır. Belə olan halda komitə həmin ailələrə, şəxslərə nəzarət edə biləcək. Hər bir rayonda və kənddə icra nümayəndəsi var. O icra nümayəndəsi kənddə demək olar ki, hər kəsi tanıyır. Həmin nümayəndələr kimin yaxşı, kimin pis ailə olduğunu yaxşı bilir. Həmin şəxs ailədəki problemləri - məsələn, xəyanət, zorakılıq və s. komitəyə təqdim etməlidir. Komitə isə heç olmasa ayda iki dəfə sözügedən məsələləri tətfiş edə bilər. Xüsusilə, kənd və rayon yerlərində uşaqların dərslərdə davamiyyəti nəzarətdə saxlanılmalıdır.