Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.
Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 40 manatdan 60 manata qaldırılır.
Ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 60 manatdan 75 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 80 manatdan 120 manata qaldırılır.
Ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, 1 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 80 manatdan 115 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 120 manatdan 155 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 160 manatdan 210 manata qaldırılır.
Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır.
Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə, rüsum 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 18 səkkiz yaşına çatmış vətəndaşlar üçünsə 50 manatdan 75 manata qaldırılır.
Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən beş iş günü müddətində verildikdə, dövlət rüsumu 1 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manatdan 70 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manatdan 100 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 90 manatdan 135 manata qaldırılır.
Ümumvətəndaş pasportları itirilmə və ya korlanması ilə əlaqədar yenidən bir iş günü müddətində verildikdə, rüsum bir yaşınadək uşaqlar üçün 50 manatdan 65 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manatdan 125 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manatdan 165 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 170 manatdan 220 manata qaldırılır