Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.
Pravda.az-ın xəbərinə görə, Milli Məclisə seçkilərin lider namizədləri arasında keçmişdə iş adamı olmuş şəxslər də var.
MSK-nın verdiyi məlumata görə, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Allahverdiyev Elnur Marat oğlu liderdir. 21.04.1978-ci il tarixində anadan olmuş Elnur Allahverdiyev “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət "Kontakt Home" mağazalar şəbəkəsinin sahibidir. Onun MSK-ya təqdim etdiyi məlumata görə, hazırda Heydər Əliyev Mərkəzində direktor müşaviridir. Məlumata görə, 2001-ci ildən “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışır. 2014-cü ildən Sloveniya Respublikasının Azərbaycanda Fəxri konsuludur. 2017-ci ildə Heydər Əliyev Mərkəzində direktorun müşaviri vəzifəsinə təyin olunub. “Azercell Telekom” MMC-nin İdarə Heyətinin üzvüdür.

70 saylı Masallı Şəhər Seçki Dairəsindən Məmmədov Məşhur Şahbuz oğlu liderdir. O, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir. Həmçinin Məşhur Məmmədov mebel istehsalı ilə məşğul olan "Embawood" MMC-də 23%, "Embafinans" MMC bank olmayan kredit təşkilatında (BOKT) 40% paya malikdir. Məşhur Məmmədov 04.10.1963-cü il tarixində anadan olub.


