“Hazırkı Amnistiya Aktı cinayət törətmiş şəxslərin cəzadan azad edilməsi, şəxslərə təyin olunmuş cəzanın müddətinin azaldılması, məhkumluğun götürülməsi və cinayət təqibinə xitam verilməsi formasında reallaşacaq”.
Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O, qərar layihəsində amnistiya tətbiqinə qoyulan məhdudiyyətlərin də nəzərdə tutulduğunu bildirib: “Cinayət Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasını ehtiva edən 139-1 maddəsi də həmin məhdudiyyətlərin dairəsinə daxildir. Bilirsiniz, amnistiya humanist iradə ifadəsidir, lakin amnistiya aktı hazırlanarkən real situasiya nəzərə alınır ki, şəxsiyyət, cəmiyyət və dövlətin cinayətkar qəsdlərə məruz qalma ehtimalı minimallaşdırılsın. Bu maddənin məhdudiyyətə məruz qalmasına gəlincə, pandemiya davam etsə də, vurğulamalıyıq ki, Cinayət Məcəlləsinin 139-1 maddəsinin sanksiyasına məruz qalan vətəndaşların sayı elə də çox deyil.
Cərimə sayının çox olması barədə deyilənlərə gəldikdə, karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin tam mənada əksəriyyəti cəza yox, inzibati tənbeh tədbiridir. Yəni bu əməllər Cinayət Məcəlləsinin 139-1-ci maddəsi yox, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin sanksiyasına məruz qalıb. Ümumiyyətlə, statistikaya baxsaq, Cinayət Məcəlləsinin 139-1-ci maddəsi çox az, yalnız xüsusi hallarda tətbiq edilir”.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar Cinayət Məcəlləsinə 2020-ci il 17 mart tarixində əlavə edilən 139-1-ci maddə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ilə bağlıdır.