Bir il öncə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev hər kəsin səbirsizliklə gözlədiyi xəbəri elan etdi. Azərbaycan xalqına Şuşa şəhərinin azad olunması xəbərini çatdırdı. Şuşanı xilas edən, şəhərin erməniləşdirilməsinə imkan verməyən Ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyev xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Bakı küçələri insanların qələbə sevincinə şahidlik etdi, “Azad Şuşa” şüarları hər yerdən eşidilirdi. Böyükdən kiçiyə hər kəs “Əziz Şuşa, sən azadsan” deyirdi.
Pravda.az xatırladır ki, Şuşa Ermənistan tərəfindən işğal olunandan azad edildiyi günədək Azərbaycan xalqı bir gün də olsun doğma şəhərinə qovuşacağına inamını itirmədi. Məhz bu inam sayəsində xalqımız 29 il sonra öz doğma şəhərinə qovuşdu. Bununla da Azərbaycan siyasi, hərbi və mənəvi qələbəsini qazandı.
Şuşanın azad edilməsi Vətən müharibəsinin kilid nöqtəsi hesab olunur və bu, dünya hərb tarixində unikal əməliyyatlar siyahısına düşüb. Çünki strateji əhəmiyyətə malik olan Şuşa həm də Qarabağın açarıdır. Mütəxəssislər Şuşa əməliyyatını müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək, onlarla kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşməndən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla qurtarıb. Qabaqcıl ölkələrin hərbi akademiyaları Şuşanın azad edilməsi əməliyyatını öyrənir.