İranın Mətbuata Nəzarət Şurası Ali dini lider Əli Xameneyinin ölkədə yoxsulluğun artmasında rolunu göstərən qəzeti qapadıb.
Şuranın rəhbəri Ələddin Zuhuryan noyabrın 8-də IRNA rəsmi xəbər agentliyinə deyib ki, şura üzvləri “Kilid” qəzetinin lisenziyasını ləğv etmək qərarını veriblər.
Zuhuryan bu qərarın daimi, yaxud müvəqqəti olduğunu açıqlamayıb. O, bu hərəkətə hər hansı səbəb göstərməyib.
İranın dövlət televiziyasına bağlı “Gənc Jurnalistlər Klubu” adlı xəbər saytı noyabrın 7-də yazıb ki, qəzet bir gün öncəki ön səhifəsinə görə təhqiqata məruz qalıb. Səhifədəki qrafikdə Xameneyinin əlinin yoxsulluq həddini çəkdiyi göstərilir.
“Milyonlarla ev yoxsulluq həddindən aşağıda qalır”, – qəzet yazıb.