"Cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisdə keçirilən iclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər nəticəsində 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 246 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib", - nazir vurğulayıb.
Doğrusu, ilk olaraq “xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər” nəticəsində 10 aya 500 milyon manatın qənaət edilməsinə dair məlumat bir qədər müəmmalı göründü və texniki səhv təəssüratı bağışladı. Lakin sonradan məlum oldu ki, heç bir səhv filan yoxdur. Bu rəqəm ona görə müəmmalı gəldi ki, ötənilki anoloji göstəricidən iki dəfədən də artıq, 2018-ci ildəki 25 milyon manatdan isə 20 dəfə(!) çoxdur. Sual yaranır ki, indiyə kimi belə böyük miqyasda saxtakarlıq cinayəti hökumətin gözü qarşısında necə baş verib və necə olub ki, indi birdən-birə üzə çıxarılıb? Axı, bu rəqəmlər heyrət doğuracaq qədər yüksəkdir.
Məsələnin bir də hüquqi tərəfi var. 10 ayda 500 milyon kənarlaşma, ayda 50 milyon manat deməkdir. Rəsmi statistikaya görə, 2018-ci ildən bu yana 211 min adamın saxta hesab olunan pensiya və müavinəti ləğv edilib. Bu, 211 min adamın saxta yolla büdcədən vəsait alması, deməli həm də 211 min cinayət faktı deməkdir. Bəs, hanı bu pensiyaları təyin edənlərlə bağlı qaldırılan cinayət işləri və onların nəticələri?
Belə çıxır ki, 100 minlərlə cinayət faktına qarşılıq olaraq “içəridə” tək Səlim Müslümov yatır? Hansı ki, heç ona da qarşı irəli sürülən ittihamlar arasında saxta pensiya və əlillik dərəcələrinin təyinatına görə heç nə yoxdur. Deməli, belə məlum olur ki, ortada böyük, misilsiz cinayətlər var, cinayətkarlar isə qeybə çəkiliblər...
Əlbəttə ki, saxta pensiya və əlillik təyinatının qarşısının alınması təqdirəlayiq və çox müsbət haldır. Ancaq bizim nazirliklər hər zaman “qaş düzəldən yerdə göz çıxarmağa”, “qurunun oduna yaşı da yandırmağa” adət ediblər. Bunun nəticəsidir ki, ƏƏSMN-in fəxrlə “raport verdiyi” 500 milyonluq kəsintidə çoxlu sayda real əlilin, pensiyaçının, gündəlik çörək puluna möhtac olanların əlindən alınmış payı, haqqı var.
Demirik ki, bu 500 milyonun hamısı kasıb, imkansız, doğrudan da əlil olan vətəndaşların kəsilən pensiyaları hesabına formalaşıb. Xeyr. Ancaq müşahidələr və saysız-hesabsız şikayətlər onu deməyə əsas verir ki, bu məbləğin əhəmiyyətli hissəsi bu və ya digər bəhanələrlə, süründürməçiliklə, texniki səbəblər əsas gətirilərək pensiyası kəsilmiş, yaxud bir neçə ayı ödənməmiş vətəndaşların cibinə girmək hesabına təmin olunub.
Doğrudur, son zamanlar ƏƏSMN saxta əlillik təyinatlarının ləğvi istiqamətində ciddi iş aparıb, minlərlə saxta əlillik dərəcəsi alanlar müəyyənləşdirilib. Çox yaxşı! Lakin bu işi görənlər əlilliyə görə müavinətləri aylarla dayandırılan və bu səbəbdən bütün Həkim Ekspertiza Komissiyalarının qarşısındakı növbələrdə dayanan əlil, xəstə vətəndaşlarımızın durumunu qətiyyən nəzərə almayıblar.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və ƏƏSMN daxil müvafiq qurumlar tərəfindən sistematik hazırlıq işləri görülmədən, müraciətləri vaxtında və operativ şəkildə araşdıracaq, qiymətləndirəcək yetərli sayda komissiyalar yaradılmadan əlil müavinətləri ucdantutma “baltalanıb”. Nəticədə minlərlə əlil vətəndaş fiziki və mənəvi əzab çəkməklə yanaşı, özlərinin yeganə gəlir mənbəyi olan əlillik müavinətindən aylarla məhrum ediliblər. Çoxlu sayda vətəndaş var ki, hansısa qanunsuz bəhanələrlə təqaüdü kəsilib, aylardır idarələrdə süründürülür. Gah sistemə nəsə düzgün daxil edilmir, gah bir yerdə adı çıxır, bir yerdə çıxmır, gah da əsassız olaraq imtina qərarı verilir və s. Bəs, bu adamların günahı nədir?