BURADA REKLAMINIZ OLA
BİLƏR

Seçki məntəqlələrinin məktəblərdə yerləşdirilməsi qadağan olunmalıdır - TƏKLİF

Hazırda Azərbaycanın inkişafı və gələcəyi üçün təhsildən önəmli məsələ yoxdur. Təəssüflər qeyd etməliyik ki, ölkədə keçirilən seçkilər zamanı ən çox zərbə alan təhsil sektorudur. Son 2 ildə keçirilən 3 seçki müəllimlərin nüfuzunu ciddi zədələyib. Seçki idarəçiliyinə rəhbər və üzv şəklində cəlb edilən müəllimlər seçkidən seçkiyə daha çox və haqlı olaraq ictimai qınağa tuş gəlirlər. Fikrimcə, müəllimlərə olan etimadın azalması təhsildə islahatların həyata keçirilməsində ciddi əngələ çevrilə bilər. Odur ki, hesab edirəm ki, Təhsil Nazirliyi bu barədə düşünməli və qərarlar verməlidir.

Mən bu yazımlar heç də müəllimlərə bəraət qazandırmaq niyyətində deyiləm. Hesab edirəm ki, elə bir sistem qurulmalıdır, nəinki müəllimlər, bütövlükdə komissiya üzvləri saxtakarlıq etməsinlər. Odur ki, aşağıdakıları təklif edirəm:

1) Məktəblərə institutsional, maliyyə muxtariyyəti verilməli, akademik azadlıqlar genişləndirilməlidir. Odur ki, təhsil şöbələri ilk növbədə rayon icra hakimiyyətlərinin nəzarətindən çıxarılmalıdır. Bunun üçün təhsil şöbələri rayonlar üzrə deyil, zonalar üzrə regional əsasda formalaşdırılmalıdır. Bu həmçinin təhsil büdcəsinin səmərəliliyi baxımından da əhəmiyyət verə bilər.

2) Məktəb direktorları və onun müavinləri təyinatla deyil, seçkilər əsasında müəllim kollektivi tərəfindən müəyyənləşdirilməlidir. Direktorların seçkisində valideynlərin ictimai birliklərinin iştirakı təmin edilməlidir.

3) Təhsil işçiləri diaqnostik müayinədən keçməli onlarla müqavilələr minimum 5 il olmalıdır.

4) Seçki məntəqlələrinin məktəblərdə yerləşdirilməsi qadağan olunmalıdır.

5) Seçkidə saxakarlığa yol verən və ya saxtakarlıqda iştirakı sübut olunan müəllimlər bu peşədən ömürlük məhrum edilməlidirlər. Seçki saxtakarlığına dair cinayət işi sərtləşdirilməli və bu ağır cinayət növü sayılmalıdır.

Əks təqdirdə nüfuzunu itirən müəllimlərə görə ayrıca təhsil və seçki sistemi deyil, bütövlükdə cəmiyyət də inkişafdan qalacaq.

 

Qubad İbadoğlu

 

Ekspert

Tarix: 12 Fevral 2020, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin