Vətən müharibəsi qazisi Şahruddin Quliyevin vəziyyəti ağırdır. Ayağında çürümə gedən qazimiz ötən gün Bakıda yerləşən özəl klinikalardan birində əməliyyat olunub.
Bu barədə qazinin atası Qurban Quliyev məlumat verib. Onun sözlərinə görə, övladının müharibədən tərxis olunmasından aylar keçsə də, hələ də əlilliklə bağlı pensiya ala bilməyib.
Ata deyir ki, aylardır davam edən müalicə xərcləri və əməliyyatına kənd əhalisi, qohum-əqrəba köməklik edib: “Şahruddinin 20 yaşı var, müharibə başlayanda 15 ayın əsgəri idi. Noyabrın 7-də Ağdamda ağır yaralanıb. Başından zədə alıb, bütün daxili orqanları zədələnib, ayağından yaralanıb. Yoğun bağırsağı 60 sm kəsilib. Hərbi Hospitalda müalicə alıb, orada əməliyyat olunub. Bədənində 30-a yaxın qəlpə var. Ən böyük qəlpə ağciyərinin yaxınlığındadır, çıxara bilmirlər. Bir ayağının topuğu yoxdur, dabanı tamamilə dağılıb, ayağı qatlanmır. 7-8 gün idi ki, gecə-gündüz yata bilmirdi, ağrıkəsicilərlə saxlayırdıq. Balakəndə, Şəkidə həkimə göstərirdik, dedilər göynəmədir, sinir ağrılarıdır, keçəcək. Demə, ayağına mil qoyulan yerdən infeksiya düşübmüş, irinləyib çürümə gedirmiş. Gördük halı pisdir, ağrılardan danışa bilmir, gözümüzün qabağında əriyib gedir. Məcbur olub borc-xərc edib Bakıya gətirdik. Camaat kömək elədi, əməliyyatın pulunu rayonun deputatı Nəsib müəllim öz boynuna götürdü”.
Q. Quliyevin sözlərinə görə, qazi Şahruddin Quliyev Hərbi Hospitalda bir neçə ay qaldıqdan sonra bu ilin yay aylarında ordudan tərxis olunub. Yenidən müalicə üçün hospitala müraciət etsələr də, oradan bildirilib ki, tərxis olunandan sonra 3 ay müddətində ona baxa bilərlər, ondan sonra müalicə almaq üçün əlavə pul ödənməlidir. Ailə də məcburiyyətdən özəl klinikaya üz tutub: “Hazırda ağrılar olsa da, həkimlərin dediyinə görtə çürüməni dayandırıblar. Həmçinin ayağındakı əyriliyi düzəltmək üçün “İlizarov” aparatı qoyulub. Həkim deyir ki, bununla ayaq problemi düzəlməlidir. Amma ayağı qatlanmayacaq, çünki sümük dağılıb. Sağalma prosesi uzun müddət müalicə və aylar tələb edir. İndiyə kimi əlillik təyinatını uzadırdılar. 2 aya qədər Hərbi Hospital bizi get-gələ saldı, axır ki, şəhadətnaməni ala bildik. İndi də əlillik təyinatını ala bilmirik. Dedilər noyabrın 15-i uşağı götürüb Bakıya komissiyaya gətirək. Deyirəm ki, uşaq yeriyə bilmir, yata bilmir, necə gətirim? Məcbur olub ayağının şəkillərini, sənədlərini çəkib göndərmişik. Bayaq xəbər verdilər ki, artıq cavab gəlib, əlillik veriləcək”.