Bu cür "kasıb" formada "Rəqəmsal İcra Hakimiyyəti” portalı üçün 10 il gözləməyə dəyərdimi ?
Ötən gün “Rəqəmsal İcra Hakimiyyəti” portalının uzun müddətdən bəri nə üçün istifadəyə verilmədiyi haqqında yazmışdım.
Bu gün nəhayət ki, adı çəkilən portalın (rih.gov.az) pilot versiyası ( Gəncə, Quba və Masallı ) təqdim edilib.
Arayış üçün qeyd edim ki, ölkəmizdə mərkəzi və regional elektron hökumət quruculuğu arasındakı zaman fərqi nə az nə çox, 10 ildir.
Yəni, regionlarda rəqəmsal hökumət quruculuğuna 10 il gecikmişik.
Bizdə mərkəzi icra qurumlarının rəqəmsallaşmasına, mərkəzi orqanların xidmətlərinin elektronlaşmasına daha çox investisiyalar yatırılıb. İndiyədək xeyli sayda mərkəzi orqanların xidməti elektron formaya keçirilib.
Uğurlarımız da daha çox mərkəzi icra orqanların elektronlaşmasında olub.
Etiraf edim ki, regional elektron hökumət quruculuğu baxımından digər qonşu ölkələrdən geri qalırıq.
Uzun müddətdir ki, ölkəmizdə regional hökumət quruculuğu ilə bağlı müzakirələr getsə də , səlahiyyətli qurum olan VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin bu sahəyə diqqəti yetərli olmayıb, beynəlxalq reytinqlərdə də bu amil həmişə mənfi qiymətləndirilirdi.
Yeri gəlmişkən, son illərdə bir çox rayonlar ( məsələn, Şamaxı, Binəqədi və s.) öz gücləri və digər mərkəzi orqanların köməyi ilə rəqəmsallaşmada bir xeyli irəliləyişlər əldə edə bilmişdilər
Bu baxımdan, bu gün vahid bir “Rəqəmsal İcra Hakimiyyəti” portalının istifadəyə verilməsi, rəqəmsal hökumət quruculuğu baxımından, regionlarda rəqəmsal transformasiyanın güclənməsi baxımından çox əhəmiyyətli bir addımdır.